Sergey Markov:`Bu səfər Putinin Əliyevə dəstəyini göstərir`

Sergey Markov:`Bu səfər Putinin Əliyevə dəstəyini göstərir`
  14 Avqust 2013    Oxunub:1223
AzVision.az Rusiya Federasiyasının İctimai palatasının üzvü, Q.V.Plexanov adına Rusiya İqtisad universitetinin prorektoru, məşhur rusiyalı politoloq Sergey Markovun müsahibəsini təqdim edir:

- Hər şeydən əvvəl qeyd etməliyəm ki, seçkiqabağı ərəfəyə təsadüf edən səfər Putinin İlham Əliyevə dəstəyinin təzahürüdür. Prezident İlham Əliyevin zamanında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında heç bir ciddi böhran olmayıb. İki ölkə arasındakı münasibətlər bir çox məsələlər üzrə müsbət istiqamətdə inkişaf edir. Ölkələrimiz arasındakı münasibətlər strateji əməkdaşlıq kimi təsvir oluna bilər. Moskvada İlham Əliyev proqressiv və müasir rəhbər hesab edilir. Atası Heydər Əliyevin vaxtında olduğu kimi Azərbaycan İlham Əliyevin rəhbərliyi altında da intensiv inkişaf edir. H.Əliyev 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən böhran, vətəndaş müharibələrinə son qoyaraq ölkəni rifah yoluna çıxarmağı bacardı. Hazırda Azərbaycan dinamik inkişaf edir. Ölkədə iqtisadi artım və yüksək həyat səviyyəsi müşahidə olunur.

Azərbaycan ənənəvi dəyərlərə malik müasir dünyəvi dövlətdir. Bakının memarlığı isə buraya səfər edən bütün ziyarətçilərdə böyük təəssüratlar yaradır. Bakı dünyanın ən dinamik inkişaf edən şəhərlərindən biridir. Bakıda açıq səma altında dünyanın bütün memarlıq universitetinin tələbələri üçün memarlıq sərgisi keçirmək olar.

Azərbaycan həmçinin balanslaşdırılmış xarici siyasət yürüdür. Rusiya Federasiyası, Türkiyə, ABŞ və Avropa Birliyi ilə münasibətlər eyni anda inkişaf edir. Mübahisəli münasibətlər yalnız İranla mövcuddur, Ermənistanla əlaqə yoxdur. Məlum olduğu kimi, həm Ermənistan, həm də İran Azərbaycana hücum edir. Ermənistan yalnız Dağlıq Qarabağı işğal etməyib, həmçinin Qarabağ ətrafında yeddi rayonu ələ keçirib. İran isə radikal İslamın ekspansiyasını həyata keçirir. Bu halda Azərbaycanın xarici dəstəyə ehtiyacı yoxdur, çünki İlham Əliyevin ölkə daxilində reytinqi çox yüksəkdir.

Putinin Bakıya səfərinin daha bir səbəbi vardır. Bu, Xəzər regionundakı vəziyyətlə əlaqədardır. Burada ikitərəfli münasibətləri, həmçinin ticarət, mədəniyyət və energetika əməkdaşlığını inkişaf etdirmək lazımdır. Neft və qaz çıxaran ölkələr kimi Rusiya ilə Azərbaycanın öz gəlirlərini artırması vacibdir. Çünki ölkələrimiz qaz və neftin qiymətlərinin düşməsində maraqlı deyil. Eyni zamanda, rəqabətdən qaçmaq üçün neft kəməri və başqa nəqliyyat arteriyaları üzrə mövqeyi uyğunlaşdırmaq lazımdır. Qeyd etmək istərdim ki, Rusiyanın dövlət “Rosneft” şirkəti dünyanın ən böyük neft şirkətlərindən biridir. Şirkətin “SOCAR”la əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalı olardı.

Humanitar münasibətləri dəstəkləmək vacibdir. Bir milyon Rusiya Federasiyası vətəndaşı Azərbaycan mənşəli vətəndaşlardır. Hər halda biz mədəniyyət və təhsil sahəsində əlaqələri inkişaf etdirməliyik. Ziyalıların arasında əlaqələr son illərdə zəifləyib. Bunun üçün KİV sahəsində birgə layihələr həyata keçirmək lazımdır.

Nəhayət, Xəzərin hüquqi statusu məsələsinin həll edilməsi çox əhəmiyyətlidir. Xəzərin bölünməsi məsələsi hələ də həllini tapmayıb. Ancaq qeyd etmək lazımdır ki, Bakı ilə Moskva bu məsələdə eyni mövqeyə malikdir. Xəzər nəhəng balıq resurslarına malikdir. Təəssüf ki, resurslar istismara məruz qalır. Bu da istehsala təsir göstərir. Bu istiqamətdə ölkələrimiz fəal əməkdaşlıq etməlidir. Mən beş dövlətin arasında bölünmüş vahid Xəzər balıq ovu şirkətinə keçməyi təklif edirəm. Şirkət Xəzərin balıq resurslarının optimal istismarı ilə məşğul olmağa və bütün dövlətlərə qanuni gəlir əldə etməyə imkan yaradar. Düşünürəm ki, bu barədə ölkələrimizin danışıqlar aparmasına dəyər.

- Sizin bir sıra rusiyalı həmkarlarınız hesab edir ki, Vladimir Putin Bakını Avrasiya İttifaqına daxil olmağa və ya onunla əməkdaşlıq etməyə təşviq edəcək. Bu barədə nə düşünürsünüz?

- Vladimir Putin heç kəsi məcbur etmək və ya ultimatum qoymaq niyyətində deyil. O yalnız azərbaycanlı həmkarını Avrasiya layihəsinin inkişafı barədə məlumatlandıracaq. Biz Azərbaycan, Gürcüstan və Türkiyənin Avrasiya İttifaqına daxil olmağa hazır deyil fikri ilə razı deyilik. Avrasiya İttifaqına daxil olmaq haqqında düşünmək onlar üçün faydalıdır. Azərbaycan, Gürcüstan, Ukrayna kimi ölkələrin Avrasiya İttifaqına daxil olmasını istərdik.

- Qarabağ məsələsinin həll olunmasında Rusiya Federasiyasının aktiv vasitəçilik missiyası gözlənilirmi?

- Düşünürəm ki, tərəflər Qarabağ münaqişəsi məsələsinə toxunacaqdır. Hazırda Qarabağda hərbi əməliyyatların eskalasiyasının olmaması vacibdir. Amma münaqişə əbədi qala bilməz. Onun həlli üzrə hərəkət etmək lazımdır. Hər şeydən əvvəl danışıqlar Ermənistan tərəfindən işğal olunan Azərbaycanın yeddi rayonunun geri qaytarılması haqqında getməlidir.

1news.az / Tərcümə: AzVision.az


Teqlər:  





Xəbər lenti