İlham Əliyev aqrar-sənaye kompleksinin açılışında

İlham Əliyev aqrar-sənaye kompleksinin açılışında
  14 Avqust 2013    Oxunub:1315
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələyə səfəri çərçivəsində "Aqro Kompleks Qəbələ" MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kompleksin inzibati binasında müəssisənin maketinə baxdı.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 20 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.

Diqqətə çatdırıldı ki, kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 14 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın "GEA" şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb. Min başlıq südlük heyvandarlıq kompleksində "Simmental" cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5 faiz yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş "Simmental" cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilib. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanıb. Heyvanların yaxın vaxtlarda gətirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev sağım prosesinə baxdı.

Bildirildi ki, sağım sahəsi bir sağım dövründə 28 baş inək tutumlu "Karusel" tipli avadanlıq, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Bu avadanlıq hər bir sağmal inək üzrə sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir.

Qeyd edildi ki, 1000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksində "Simmental" cinsindən olan ətlik heyvanlar saxlanılır. Bu cins heyvanların çəkiləri gündə orta hesabla 1,4-1,6 kiloqram artır və 65-70 faiz dəyərli zülallar, vitaminlər və mineral maddələrlə zəngin ətvermə qabiliyyətinə malikdirlər. Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədi ilə Qəbələ rayonunda 1050 hektar ərazidə yem təsərrüfatı yaradılıb.

Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tam olaraq ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın "Class" və Hollandiyanın "New Holland" qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis yaradılıb. Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilib. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılıb.

Gələcəkdə aqrar-sənaye kompleksində müasir avadanlıqla təchiz edilmiş ət emalı fabrikinin yaradılması nəzərdə tutulur ki, bu da bütün gigiyenik normalar gözlənilməklə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün prosesi əhatə edəcəkdir.

Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının təmin edilməsi ilə yanaşı, onların ixracını da genişləndirəcəkdir. Aqrar-sənaye kompleksində 200-dən çox insan daimi işlə təmin olunub.

Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların bəslənməsi, kənd təsərrüfatı texnikasından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçmişdir. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

AzVision.az



Teqlər:  





Xəbər lenti