Prezident: `Bölgələrimiz Bakıdan geri qalmamalıdır`

  15 Avqust 2013    Oxunub : 643
Prezident: `Bölgələrimiz Bakıdan geri qalmamalıdır`
Prezident İlham Əliyev avqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib.


AzVision.az prezidentin çıxışını təqdim edir.

"Hər dəfə Qəbələdə olarkən yeni obyektlərin, istirahət zonalarının, sosial obyektlərin açılışında iştirak edirəm. Bu gün də QəbələHeydər Əliyev Konqres Mərkəzinin açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Bu Konqres Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Onun zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində o ağır vəziyyətdən şərəflə çıxa bilmişdir, inkişaf yoluna qədəm qoymuşdur. Biz isə onun yolunu davam etdiririk.

Azərbaycan bu gün ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Həm ölkəmizin iqtisadiyyatı, siyasi potensialı, eyni zamanda, bölgələri inkişaf edir. Qəbələdə belə möhtəşəm binaların, sarayların yaradılması əlbəttə, onu göstərir ki, Azərbaycan sözün əsl mənasında müasir dövlətdir, güclü dövlətdir. Bizim bölgələrimiz də paytaxtdan geri qalmamalıdır. Mən bu vəzifəni bir neçə il bundan əvvəl qarşıya qoymuşam ki, bütün şəhərlər gərək inkişaf etsin və bölgələrdə şərait böyük şəhərlərdə olan şəraitə uyğun olsun.

Qəbələdə, ümumiyyətlə, son illər ərzində böyük quruculuq, inkişaf işləri gedir. Siz bunun şahidisiniz, bu işlərin iştirakçılarısınız. Bu gün böyük aqrokompleksin fəaliyyəti ilə tanış olmuşam. Bu gün, eyni zamanda, yeni otelin açılışı gözlənilir. Artıq bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Bu otellərin fəaliyyəti, eyni zamanda, Beynəlxalq Aeroportun tikilməsi artıq Qəbələni beynəlxalq mərkəzə çevirir. Dünyada indi Qəbələ haqqında kifayət qədər geniş məlumatlar vardır. Burada keçirilən beynəlxalq tədbirlər, siyasi, mədəni tədbirlər Qəbələnin şöhrətini bütün dünyaya yayır. Burada ənənəvi musiqi festivalı keçirilir. Bu yaxınlarda növbəti festival keçirilmişdir. Dünyanın aparıcı musiqiçiləri, ifaçılar, bəstəkarlar Qəbələyə toplaşırlar. Qəbələnin və Azərbaycanın mədəni həyatına bu festivalın fəaliyyəti böyük töhfədir.

Bu günlərdə isə Qəbələdə Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşü keçiriləcək. Bu zirvə görüşünün Qəbələdə keçirilməsi əlbəttə ki, vacib məsələdir. Keçən dəfə Azərbaycanda bu zirvə görüşü 2009-cu ildə Naxçıvanda keçirilib. Naxçıvan da, Qəbələ də Azərbaycanın qədim diyarıdır. Bu şəhərlərin böyük tarixi vardır. Bu dəfə yenə də növbə Azərbaycana çatanda mən qərar qəbul etdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti zirvə görüşü Qəbələdə keçirilsin. Həm qonaqlar Azərbaycanla daha da geniş şəkildə tanış olacaqlar, həm Qəbələ üçün bu tədbirin keçirilməsi əhəmiyyət daşıyır. Bir də ki, burada istənilən beynəlxalq tədbirin keçirilməsi üçün imkanlar vardır. Belə möhtəşəm konqres zalları heç də hər bir ölkədə tikilmir. Aeroport, bir neçə beşulduzlu otel, digər otellər, turizm mərkəzləri, keçən dəfə burada olarkən mədəniyyət mərkəzinin açılması onu göstərir ki, doğrudan da, burada çox böyük işlər görülür. Həm dövlət öz vəsaitini ayırır, bütün infrastruktur layihələri dövlət hesabına icra edilir, eyni zamanda, özəl qurumlar həm biznes sahəsinə, həm də ki, sosial obyektlərə investisiya qoyurlar. Bu, çox sevindiricidir. Çünki biznesin sosial məsuliyyətli məsələləri dünyada geniş müzakirə olunur. Bəzi ölkələrdə böyük bizneslə məşğul olanlar sosial məsələlərə o qədər də diqqət yetirmir. Azərbaycanda isə mənim tövsiyələrimlə biznes qurumları da öz sosial məsuliyyətini dərk edir və sosial məsələlərin həllinə də kömək göstərirlər. İndi Qəbələdə keçən illər də görülmüş işləri siz məndən yaxşı bilirsiniz. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, infrastruktur, sosial obyektlər, aeroport, yollar, qazlaşdırma, elektriklə təchizat, turizm kompleksləri - bütün bunlar düşünülmüş siyasətin nəticəsidir.

Qəbələ artıq beynəlxalq turizm mərkəzinə çevrilibdir. Burada dağ xizək kurortu da yaradılır. Eyni zamanda, Qəbələnin sənaye potensialı da artır. İş yerləri, yeni müəssisələr, zavodlar, fabriklər açılır. Bu fabriklər, zavodlar müxtəlif sahələri əhatə edir. Qəbələnin timsalında biz Azərbaycan bölgələrinin uğurlu inkişafını görürük. Burada görülən işlər yüksək qiymətə, təqdirə layiqdir. Mən bu işləri alqışlayıram. Əminəm ki, gələcəkdə də Qəbələ şəhəri, Qəbələ rayonu uğurla inkişaf edəcək".

Teqlər: