Manata təzyiq artır – TƏHLİL

Manata təzyiq artır – TƏHLİL
  05 Noyabr 2016    Oxunub:26350
Məlumdur ki, valyuta bazarında yenə gərginlik yaranıb. Nisbi sabitlik demək olar, 1 ay çəkdi. Belə ki, iyul və avqust aylarından sonra Dövlət Neft Fondu (ARDNF) ilə Mərkəzi Bank (AMB) tərəfindən sentyabrda hərraclara artıqlaması ilə ABŞ dolları çıxarılması nəticəsində manatın dəyərsizləşməsi prosesi səngidi. Oktyabrdan isə proses bərpa olundu ki, bu, gözlənilən idi.

Çünki il ərzində ötən rüblərin hər birinə diqqət yetirsək, manatın dollara olan məzənnəsinin hər 3 ayın ya əvvəlindən ortasına, ya da ortasından sonuna kimi olan müddət ərzində gah ucuzlaşıb dayandığının, gah da nisbətən bahalaşdığının şahidi olarıq.

Bütövlükdə isə manat əksər vaxtda ucuzlaşmağa meyilli olub. Bu da ondan irəli gəlir ki, əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi, valyuta bazarımızda dollar təklifi ilə çıxış edən yalnız ARDNF-dir. Ölkəyə xarici valyuta gətirən başqa qurum, idarə, təşkilat və sair yoxdur. Söhbət, öz tələbatından artıq, valyuta bazarında manat alınması üçün çıxış edən tərəfdən gedir ki, belələrinin ortaya çıxması üçün vaxt tələb olunur. Yəni, qeyri-neft sahələrindən heç olmasa bəzisi ölkəyə dollar gətirməlidir.

Ölkədə xarici valyutaya tələbdə ajiotaj səngimişdi. Buna səbəb isə sentyabrda ARDNF tərəfindən AMB-nin keçirdiyi hərraclara əvvəlki aylardakından fərqli olaraq daha çox valyuta çıxarması olmuşdu. Bəzi hərracda rəsmi vayuta ehtiyatlarının həcmi kritik səviyyəyədək azaldığına baxmayaraq, AMB də vəsait çıxartmalı olmuşdu. Bütün bunlar da ondan irəli gəldi ki, əvvəlki aylar ərzində (iyul və avqustda) xarici valyutaya qarşı tələb hədsiz səviyyədə müşahidə olunmuş və heç bir məntiqə sığmamışdı.

Belə ki, bəzi hərraclarda təklif 100 milyon ABŞ dolları məbləğini aşmasa da, kommersiya bankları tərəfindən 700-800 milyon qeydə alınmışdı. Bu da qeyri-normal hal idi. İqtisadiyyatda heç bir aktivlik müşahidə edilmədiyi halda, bankların belə bir tələb ilə çıxış etməsi şişirdilmiş sayıla bilərdı. Odur ki, ARDNF və AMB hərraca üst-üstə 1-2 dəfə 100 milyon dollardan artıq vəsait çıxardan kimi bu tələb "sabun köpüyü" kimi yox olmağa başladı.

Odur ki, hesab edirəm, ölkədə xarici valyutaya aylıq tələbatın həcmi normal şəraitdə maksimum 500-600 milyon dollardan bir az çox təşkil edə bilər ki, bunun da qarşılanması əslində, çətin deyil.

Hər halda sentyabr ayındakı mənzərə belə deməyə əsas verdi. Lakin yenidən ajiotaj müşahidə olunacağını da proqnoz etmişdik. Və yazmışdıq ki, çətinlik yaradan məhz ondan ibarət olacaq ki, ARDNF hər dəfə hərraca 100 milyondan artıq vəsait çıxara bilməyəcək. ARDNF-in 2016-cı il dövlət büdcəsinə transfert öhdəliyi əvvəl 6 milyard manat planlaşdırılsa da, fevralda büdcəyə dəyişiklikdən sonra 7,6 milyarda qədər artırıldı. Yəni, hazırki məzənnə ilə 4,6 milyard dollar... Bu isə o demək idi ki, Fond büdcə qarşısındakı öhdəliyini icra etmək üçün hər ay hərraclara orta hesabla 383 milyon dollar çıxartmalı idi.

Ancaq qeyd etdiyimiz kimi il ərzində valyuta bazarındakı vəziyyətlə əlaqədar, sözügedən qurum hər ay müxtəlif həcmlərdə dollar kütləsi çıxarıb satmışdı. Məsələn, yanvarda 593,8, fevralda 177,5, martda 482,3, apreldə 303,4, mayda 431,2, iyunda 449,9, iyulda 449,2, avqustda 444,4, sentyabrda isə 631,1, nəhayət ötən ay – oktyabrda 371,0 milyon dollar... Başqa sözlə desək, ARDNF dövlət büdcəsi qarşısındakı öhdəliklərini icra etmək üçün 2016-cı ilin ilk 10 ayında artıq, 4333,8 milyon dollar xərcləmiş sayılır.

AMB-in rəsmi valyuta ehtiyatları həcminə gəldikdə isə, bunun kritik həddə olduğunu hələ oktyabrın nəticəsi açıqlanmamışdan öncə də qeyd etmişdik. 2016-cı il oktyabrın 30-na AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 5,5 milyon dollar təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 3,08 % və ya 127,2 milyon dollar az deməkdir. Ötən ilin analoji dövrü ilə müqayisədə AMB-nin ehtiyatlarının həcmində 41,4 % və ya 2 milyard 829,1 milyon dollar azalma olub.

Odur ki, növbəti aylar barədə proqnoz verməyin çətin olduğunu hələ sentyabrın sonunda bəyan etmişdik. Bəs, vəziyyət necə olacaq? Manatın ucuzlaşması bu dəfə daha uzun müddət davam edəcəkmi?

Belə fikir də vardı ki, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəlikləri ilin sonuna kimi manata yaradacağı növbəti təzyiq bu dəfə daha ciddi xarakter daşıyacaqdı ki, bunun dalğasının ilk simptomları istər-istəməz artıq, 4-cü rübün əvvəlindən görünməyə başlayacaq. Düzdür, lakin hesab edirəm ki, AMB-in bir az əvvəl valyuta hərraclarının keçirilməsi qaydalarını dəyişməsi bu dalğanın bu dəfə indiyədək müşahidə olunduğundan nisbətən ajiotajsız keçməsi ilə nəticələnəcək.

Odur ki, bizim fikrimiz bundan ibarətdir ki, manatın daha kəskin şəkildə ucuzlaşması üçün nə AMB-nin rəsmi valyuta ehtiyatlarının azalaraq qırmızı xəttə yaxınlaşması faktı, nə ARDNF-in başa çatmaqda olan cari ildə hərraclara dollar çıxartmaq limitinin artıq sona çatdığı faktı, nə idxal (ayda təqribən, 700 milyon dollara yaxın tələb olunur), nə də ki, yerli şirkətlər və banklar tərəfindən xarici öhdəliklərin ilin sonuna doğru yerinə yetirilməsi zərurətinin yaranması faktı heç bir rol oynaya bilməz.

Buna məhz, yalnız və yalnız 2 mühüm amilin inkişaf etməsi ciddi zərurət yarada bilər ki, buraya birincisi, dünya bazarlarında neftin qiymətlərinin ilin sonuna doğru 40 dollaradək ucuzlaşması, ikincisi isə ABŞ FES-nin cari ilin dekabrında baza faiz dərəcəsini artırması daxildir. Təəssüf ki, hər ikisinə də dair ehtimal böyükdür.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti