MSK KİV-ə müraciət etdi

MSK KİV-ə müraciət etdi
  15 Avqust 2013    Oxunub:1022
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqata dair qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin növbəti seçkiləri MSK tərəfindən 2013-cü ilin 9 oktyabrına təyin edilib. Hazırda prezidentliyə namizədlərin irəli sürülməsi və təsdiq olunması, təsdiq edilmiş namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması prosesi gedir. Seçki qanunvericiliyinin tələblərinə görə, bu seçkilərdə seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə səlahiyyətli subyektlər tərəfindən, qanunvericiliklə müəyyən olunmuş vasitələrlə və qaydalara əməl olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 18. 00-dək aparıla bilər:

“Qeyd edilən tələblərə zidd olan, seçkiqabağı təşviqat üçün qanunla nəzərdə tutulan müddətlərin və qaydaların pozulmasına səbəb olan, habelə, hər hansı bir namizədin (qeydə alınmış namizədin) lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat materiallarının KİV-lər tərəfindən dərc edilməsi və yayımlanması qadağandır.

Ölkəmizin taleyində müstəsna əhəmiyyət kəsb edən seçkilərin demokratik tələblərə uyğun, azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün, bu prosesdə mühüm rolu olan KİV-lərin də qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi olduqca vacib və əhəmiyyətlidir.

Mərkəzi Seçki Komissiyası kütləvi informasiya vasitələrinə bu prosesdə qanunverciliyin tələblərinə ciddi riayət olunmasını tövsiyə edir və inanır ki, həmin qurumların rəhbərləri və digər media mənsubları respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsində vacib rol oynayacaq bu mühüm tədbirdə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər”.

AzVision.az



Teqlər:





Xəbər lenti