«Ekoavrasiya» Azərbaycandan və Heydər Əliyevdən yazdı

  15 Avqust 2013    Oxunub : 662
«Ekoavrasiya» Azərbaycandan və Heydər Əliyevdən yazdı
Türkiyənin «Ekoavrasiya» jurnalında «Azərbaycanın sosial-iqtisadi yüksəlişi və Heydər Əliyev» mövzusunda məqalə dərc olunub.Yazıda Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu günədək keçdiyi iqtisadi inkişaf yolundan bəhs edilir.
Jurnalın «Ekogörüş» rubrikasında yer alan yazıda Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bu günədək keçdiyi iqtisadi inkişaf yolundan bəhs edilir.

Ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırovun qələmə aldığı məqalədə 1991-ci il oktyabrın 18-də müsəlman Şərqində qurulan ilk demokratik Respublikanın varisi olan Azərbaycanın yenidən müstəqillik qazanmasından bəhs olunur. 1992-93-cü illərdə ölkə daxilində gedən proseslərə, daxili siyasi çaxnaşmaları fürsət bilən Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə diqqət çəkilib. Qeyd olunub ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Bakıya gəlir və atəşkəs müqaviləsini imzalayır. Bununla da Azərbaycan bir dövlət kimi sistematik şəkildə qurularaq sürətli sosial-iqtisadi inkişafa nail olur. 1994-cü il sentyabrın 20-də imzalanan əsrin müqaviləsinin əhəmiyyətinin də vurğulandığı məqalədə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan böyük layihələr oxucuya aydın şəkildə çatdırılır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Axalkələk-Tbilisi-Qars dəmiryolu layihələri üçün bir başlanğıc olduğu bildrilir. Məqalədə həmçinin 2012-ci il iyunun 26-da prezident İlham Əliyev və Türkiyənin baş naziri R.Tayyip Ərdoğan tərəfindən imzalanan TANAP layihəsinə geniş yer verilib. Hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi və ictimai sahədə beynəlxalq əhəmiyyətli təşkilatlara ev sahibliyi etməsinə diqqət çəkilir. Qeyd olunur ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq cəmiyyətlə daha möhkəm əməkdaşlıq qura bilən bir dövlət strategiyasından xəbər verir. Sonda Azərbaycanla Türkiyə dostluğunun bundan sonra da davamına əminlik ifadə olunub.

Teqlər: