`Şahbaz Quliyev tanınmaz hala düşüb`

`Şahbaz Quliyev tanınmaz hala düşüb`
  10 Noyabr 2016    Oxunub:28346
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinin məktubuna cavab verməyib.

Bu barədə AzVision.az-a Şahbaz Quliyevin qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz Quliyevin səhhətində ciddi problemlər var.

İ.Quliyev deyib ki, BQXK nümayəndələri tərəfindən Şahbaz Quliyevin yeni görüntüləri onlara göstərilib: “Qardaşımın yeni çəkilmiş şəkillərini bizə kompüterdə göstərdilər. Tanınmaz hala düşüb. Girov düşməmişdən əvvəl Şahbazın çəkisi 110 kiloqramdan çox idi. Şəkli görəndə Şahbazı tanımadıq. O qədər arıqlayıb ki, tanınmaz haldadır. Çəkisi heç 50 kiloqram da qalmayıb. Əminəm ki, Şahbazın vəziyyəti ağırdır. Hamımız narahatıq.

Dilqəm ailəsinə məktub yazıb, amma Şahbazdan məktub gəlməyib. Qardaşımın şəkillərini Bakıya gələn ermənilərə göstərmək lazımdır. Onlar bilməlidirlər ki, biz ermənilərə necə münasibət göstəririk, onlar isə girovlara əziyyətlər verirlər”,- deyə İlham Quliyev vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti