`Pulum var ki, Trampa da verim?`- Ağalarov

`Pulum var ki, Trampa da verim?`- Ağalarov
  10 Noyabr 2016    Oxunub:19928
ABŞ-da prezident seçkilərinin qalibi Donald Trampın Rusiya ilə əlaqələri, Kremlə yaxın oliqarxlarla münasibətləri seçki kampaniyası dövründə ona qarşı istifadə edilən əsas kompromatlardan biri idi.
Məlum olduğu kimi Donald Tramp 2013-cü ildə sahibi olduğu “Dünya Gözəli” müsabiqəsini azərbaycanlı iş adamları Araz Ağalarov və oğlu Emin Ağalarovun təşkilatçılığı ilə Moskvada keçirib. Həmin vaxt onlar birgə tikinti biznesini də müzakirə ediblər, ancaq sonradan bu məsələ gündəmə gəlməyib. Ağalarovlar Nyu Yorkda, Donald Trampın evində qonaq da olublar.

İndi Donald Trampın seçilməsindən məmnun olanlardan biri də heç şübhəsiz ki, Araz Ağalarovdur.

AzVision.az-ın məlumatına görə, biznesmen “Komsomolskaya Pravda”ya müsahibəsində Amerikadakı seçkilərin nəticələrini şərh edib, Trampla münasibətlərindən danışıb.

“Mən onun seçkiləri uda biləcəyinə inanmırdım. Çünki hamı ona qarşı birləşmişdi. Yəqin amerikalılar Rusiyanın aramsız olaraq düşmən obrazında təsvir olunmasından yoruldu və Trampa səs verdi.

Hesab edirəm ki, bunun da müəyyən rolu oldu. Yəni onlar Trampı dəyənəklə çox qovdular və nəticədə elektorat etirazını bu cür bildirdi”, -Araz Ağalarov müsahibəsində bildirib.



“Sual ciddi görünməyə bilər. Ancaq o doğrudurmu ki, milyarder Araz Ağalarov Trampı maliyyələşdirib? Axı Hillari Klintonun tərəfdarları iddia edirdilər ki, siz kömək etmisiniz...”- deyə jurnalist Ağalarova sual verib:

“Mən heç özümü maliyyələşdirə bilmirəm, Birləşmiş Ştatlar prezidentini maliyyələşdirəcəyəm? Biz hazırda elə böhrandayıq ki, ABŞ prezidentinin hayında belə deyilik, üzləşdiyimiz bu iqtisadi vəziyyətdən özümüz hansısa yolla çıxmalıyıq”.

Ağalarov Trampın prezidentliyi dövründə Rusiya ilə münasibətlərin yaxşılaşacağını gözləyir. Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da bunu xeyli sayda istəməyənlər var.

Azərbaycanlı iş adamı Trampın xarakteri, qadınlara münasibəti və s. qalmaqallı məsələlərə də münasibət bildirib: “Fikrimcə, əgər kişi qadınlara tamah salırsa deməli əsl kişidir. Bu, birincisi. Daha betər olardı ki, o, kişilərə tamah salsın (gülür). İkincisi, deyirlər ki, o, yalançıdır, sözünü tutmur. Əgər biznesdə sən sözünü tutmasan heç nəyə nail ola bilməzsən. Siyasət isə biznesdir. Tramp iki dəfə müflis olub. Əgər adam bu vəziyyətdən çıxa bilibsə, deməli yaxşı danışıq apara bilir. İstənilən siyasət isə kompromislər üzərində qurulub”.

Biznesmen onu da bildirib ki, 2013-cü ildə Tramp Moskvada bir həftə olub, lakin Kremldən heç kimlə görüşməyib.



Ağalarov deyib ki, seçkilərdə qələbə münasibətilə Trampı təbrik edəcək, ancaq telefonla yox. “Bilirsiniz, ABŞ prezidentinə zəng vurmaq asan iş deyil, məktub, teleqram göndərəcəyəm”.

Ağalarob israrlara baxmayaraq, Trampın telefon nömrəsini jurnalistə verməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti