`Facebook`da insanları təhqir edənlər həbs olunacaq

`Facebook`da insanları təhqir edənlər həbs olunacaq
  15 Noyabr 2016    Oxunub:4294
Sosial şəbəkələrdə saxta profillər yaradaraq insanların şərəf və ləyaqətini təhqir edənlər həbs olunacaqlar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov AzVision.az-a bildirib ki, Baş prokuror Zakir Qaralov təşəbbüs hüququndan istifadə edərək Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə yeni bir qanun layihəsi göndərib.

Millət vəkili bildirib ki, qanun layihəsinə görə, Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olunur.

“Burada söhbət sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər yayanlardan gedir. Saxta profil vasitəsilə şəxslərə böhtan atanlar, təhqir edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Sosial şəbəkələrdə qondarma ad, familya, ata adı ilə birlikdə saxta profil yaradılır. Həmin saxta profillər başqa şəxsin adına və digər məlumatlardan istifadə etməklə açılır. Cinayət Məcəlləsinə yeni və aktual bir maddə əlavə olunur. Son dövrlər cəmiyyətdə bununla bağlı rezonans doğuran hallar baş verir.



Bəzən “Facebook” sosial şəbəkəsinin administrasiyası bu məsələdə seyrici mövqeydə durur. Ödənişli əsaslarla saxta profillər açılır və insanlar təhqir olunur. “Facebook” administrasiyası bu profillərin saxta olduğunu bilsə də onların bağlanması barədə tədbir görmür. Çünki onların hesabına pul köçürülür”.

Milli Məclisin üzvü qeyd edib ki, Cinayət Məcəlləsinə ediləcək əlavəyə əsasən, həmin şəxslərə 1000 manatdan 1500 manatadək miqdarda cərimə, 360 saatdan 480 saata qədər ictimai işlər, 2 il müddətədək islah işləri və 1 il müddətə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti