Sarkisyandan Bakıya `qaynar xətt` təklifi

Sarkisyandan Bakıya `qaynar xətt` təklifi
  16 Noyabr 2016    Oxunub:1911
Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.
Sarkisyan RİA "Novosti" agentliyinə müsahibəsində bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

S. Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində belə praktika olub: “O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti