Aprel döyüşləri Fransa mətbuatında

Aprel döyüşləri Fransa mətbuatında
  17 Noyabr 2016    Oxunub:1943
Fransanın nüfuzlu l`Opinion qəzetində Claude Leblanc-ın müəllifi olduğu “Azərbaycan-Ermənistan, hərbi əməliyyatların yenidən başlanması qorxusu arasında” adlı məqalə dərc olunub.
AzVision.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə sülh danışıqlarının “Madrid prinsipləri” əsasında aparıldığı, bunun əsasını dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi, xalqların öz müqəddəratını təyin etməsi və gücdən istifadə etməmə prinsiplərinin təşkil etdiyi vurğulanır, müəllifin qoşunların təmas xəttində apardığı müşahidələr öz əksini tapır.

O, qeyd edir ki, qoşunların təmas xəttinə yaxın ərazilərdə silahlı erməni əsgərlərini müşayiət etmək mümkündür və onlar davamlı olaraq Azərbaycan tərəfinin hərbi mövqelərini və hətta mülki əhalini atəşə tuturlar.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və müdafiə nazirinin müavini General-Leytenant Kərim Vəliyevin fikirlərinə toxunan müəllif, son aprel döyüşlərində Azərbaycan silahlı qüvvələrinin 2000 hektardan artıq ərazini işğaldan azad etdiyini qeyd edir.

Müəllif yazır ki, tərəflər arasında son döyüşlərdə Azərbaycan ordusunun texniki üstünlüyü aşkar təsdiq olunub və iki dövlətin hərbi büdcəsi arasında 7 dəfə fərq var.

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olmuş 16 yaşlı Azərbaycanlı qızın ailəsinə baş çəkən Claude Leblanc, məqalədə kənd sakinlərinin fikirlərinə də yer ayırıb və təhlükəli olmasına baxmayaraq, mülki əhalinin evlərini tərk etmədiyini göstərib.

Qeyd olunur ki, kənd təsərrüfatı rayonu olan Tərtər münaqişə nəticəsində bu potensialın 80 faizini itirib.

Məqalədə münaqişə nəticəsində bir milyondan artıq Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, onların hazırkı yaşayış şəraiti və bu kateqoriyadan olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətdə Azərbaycan hökumətinin gördüyü işlər, o cümlədən bu məqsədlə 6 milyard dollardan artıq vəsaitin xərcləndiyi qeyd olunur.

Müəllif göstərir ki, Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edib və hökumət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox işlər görüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti