`Türk dünyasının birgə turizm sərgisi keçirilə bilər`- İlham Əliyev

`Türk dünyasının birgə turizm sərgisi keçirilə bilər`- İlham Əliyev
  16 Avqust 2013    Oxunub:1167
Dünyanın ən mötəbər iqtisadi qurumu olan Ümumdünya İqtisadi Forumunun (Davos Forumu) hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 46-cı yerdədir. Aparılan iqtisadi islahatlar, təbii ki, zəngin təbii resurslar bizim ölkəmizin inkişafına xidmət göstərir. Ona görə iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar var.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında yekun nitqi zamanı bildirib.

Prezident bildirib ki, Azərbaycan investisiya layihələrini ölkə daxilində və xaricdə icra edir: "Hesab edirəm ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri qarşılılıqlı investisiyaların qoyuluşuna da xidmət göstərir. Hər halda Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır. Bizi enerji və nəqliyyat dəhlizləri birləşdirir. Bu da böyük sərvətimizdir. Üzv olan ölkələrin böyük təbii sərvətləri, böyük coğrafiyası var. Bütün bu səylər artıq hər bir ölkənin inkişafını təmin edir. Əlbəttə, enerji diplomatiyasının davam etdirilməsi və bu sahədə səylərimizin koordinasiyası hesab edirəm ki, zərurətdir və gələcək illərdə biz bu istiqamətdə öz işlərimizi davam etdirəcəyik".

İlham Əliyev çıxışında təklif edib ki, birgə səylərlə türk dünyasının turizm potensialı və türk dünyasının turizm mərkəzləri haqqında birgə sərgi də keçirilə bilər:

"Bu sərgi həm ölkələrimizdə, həm də başqa ölkələrdə keçirilə bilər. Yaxud da bununla bərabər, mötəbər beynəlxalq sərgilərdə türk dünyası vahid bir təqdimatla çıxış edə bilər. Çünki bizim ölkələrimizdə çox gözəl turizm imkanları var. Bizim ölkələrimizi birləşdirən turizm potensialı güclənir. Qara, Aralıq, Xəzər dənizləri, İssık göl, yəni bu, dünya miqyasında çox mötəbər turizm istiqamətləridir. Bizim ölkələrimizdə təbiət çox gözəldir. Təmiz hava, dağlar, meşələr, çaylar, yəni birgə turizm təqdimatı hesab edirəm ki, həm birliyimizi əks etdirər və təqdim edər, eyni zamanda praktiki nöqteyi-nəzərdən ölkələrimizə turistlərin axınını gücləndirmiş olar".

Dövlət başçısı qeyd edib ki, bu gün eyni zamanda yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı təkliflər səslənib: "Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirir. Bu ilin əvvəlində Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılıb və beləliklə, Azərbaycanda kosmik sənayenin inkişafına start verildi. Bu sahə təbii ki, bilavasitə humanitar sahə ilə bağlı olan sahədir. Çünki informasiya-kommunikasiya texnologiyaları bilikdir, savaddır, innovasiyadır və əlbəttə ki, humanitar sahənin inkişafı hər bir ölkə üçün çox önəmlidir".(trend)


Teqlər:  





Xəbər lenti