Poroşenko azərbaycanlı diplomatı mükafatlandırdı
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumı vilayətində həyata keçirilən aqrar islahatların və aqrosənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Dövlətə xidmət ordeni"nə layiq görülüb. Prezidentin sərancamında qeyd olunub ki, Sumı vilayətində aqrar sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə Əfqan Fəqan oğlu Salmanov 3-cü dərəcəli "Dövlətə xidmət ordeni" ilə təltif edilsin.
Qeyd edək ki, 1992-ci ildən Ukraynada yaşayan Ə.Salmanov Sumı vilayətində nümunəvi aqrosənaye kompleksi yaradaraq, bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib. O, Ukrayna Beynəlxalq Reytinq Akademiyasının Ali Şurasının qərarına əsasən 2010-cu ildə Sumı vilayəti, 2013-cü ildə isə Ukrayna üzrə "Nüfuzlu aqrar işçisi - İlin adamı” nominasiyasına layiq görülüb. Bölgənin sosial-iqtisadi inkişafında yaxından iştirak edən həmyerlimiz beşinci və 6-cı çağırış Sumı Vilayət Şurasının deputatı seçilib.
Xatırladaq ki, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, mədəni, elmi, texniki əlaqələrin inkişafında səmərəli xidmətləri olan Ə.Salmanov 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.
AzVision.az
Teqlər: