Mikayıl Cabbarov iki nəfərə vəzifə verdi

 Mikayıl Cabbarov iki nəfərə vəzifə verdi
  16 Avqust 2013    Oxunub:1178
Təhsil Nazirliyində yeni kadr təyinatları aparılıb.
AzVision.az xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olub. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib.

Təhsil nazirinin digər əmrinə əsasən Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. Rəcəb Səttarov Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. 1979-1981-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında assistent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında oxuyub. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. Hazırda BDU-nun fəlsəfə kafedrasının dosentidir.
Uzun illər ali təhsil sahəsində çalışmış, yüksək səviyyəli mütəxəssis kimi tanınan hər iki şəxs Təhsil Nazirliyinin ali təhsil sahəsində həyata keçirdiyi islahatların reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti