Futbolumuza necə məşqçi lazımdır? – TƏHLİL

Futbolumuza necə məşqçi lazımdır? – TƏHLİL
  16 Avqust 2013    Oxunub:2002
Ötən mövsümün sonlarına doğru “Xəzər Lənkəran”, “Bakı” və “Qəbələ” kimi iddialı klubların, eləcədə çempionatın autsayderi “Sumqayıt”ın önümüzdəki mövsümə yeni baş məşqçi ilə başlayacağı dəqiqləşmişdi. Çempionlar Liqasındakı məlum uğursuzluqdan sonra isə yeni mövsümdə “Neftçi”ni Böyükağa Hacıyevin çalışdırmayacağı aydınlaşdı. Flaqmanın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlməsə də, Hacıyevin köməkçiləri olan Tərlan Əhmədov, Kamal Quliyev və Bəxtiyar Mysayevin müvəqqəti olaraq “Neftçi”ni çalışdıracağı məlumdur.

Mövsümün startından az sonra isə “Rəvan”da Ramil Əliyevi Vlodislav Qədirovun əvəzləyəcəyi bəlli oldu. Bundan başqa, 2013/2014-cü illər mövsümündə “Xəzər Lənkəran”a dünyaca ünlü Con Benjamin Toşakın, “Qəbələ”yə rusiyalı Yuri Syominin,“Bakı”ya isə serbiyalı Milinko Pantiçin başçılıq edəcəyi rəsmiləşib. Almaniyalı Bernhard Raabla yollarını ayıran “Sumqayıt” isə yerli çalışdırıcı Aqil Məmmədəova güvəndi. Artıq elita təmsilçilərinin yeni çalışdırıcıları iki həftə öncə start götürən ölkə birinciliyində debüt etmək imkanı da qazanıb. Beləlilklə də, ölkə Premyer-Liqasında gələn mövsüm beş klubda yerli,beş komandada isə əcnəbi mütəxəssisin iş başında olacağını demək olar.

Şübhəsiz, elita təmsilçilərində tanınmış mütəxəssislərin çalışması ilk növbədə, ölkə futboluna nüfuz qazandırır. Düzdür, indiyə qədər Torres, Petrjela, Demyanenko, Kara, Hacievski, Korkmaz, Foqts, Adams və s. məşqçilərin Azərbaycana gəlməsi futbolumuz adına ciddi irəlləyişə səbəb olmasa da, istənilən halda, futbolumuzda gurultulu adların səslənməsi çox xoşdur. Digər tərəfdən, belələrinin təcrübəsi bizə gərəkdir. Bəs görəsən, məşqçilərin adları klublarımıza nə vəd edir? Yazını klubların gücü yox, məşqçilərin imkanları baxımından qələmə almışıq.

Adlar uğur qazanmağa yetəcəkmi?

Hazırda ölkəmizdə çalışan ən tanınmış mütəxəssis “Xəzər Lənkəəran”ın uelsli baş məşqçisi Con Benjamin Toşakdır. Məşqçi kimi İspaniya çempionluğu, kuboku və superkubokunu bir dəfə qazanan Toşak bir dəfə də Türkiyə kubokunu əldə edib. Buna rəğmən, uelsli mütəxəssis "Xəzər Lənkəran"a qədər 10 fərqli komandada çalışıb ki, bu da 64 yaşlı çalışdırıcının bir klubda çox duruş gətirə bilmədiyindən xəbər verir. Hələ Toşakın "Real Sosyedad"da 3, Madrid "Real"ında və Uels yığmasında isə 2 dəfə çalışdığını nəzərə alsaq, çalışdırıcının daha çox işləmək şansı qazandığını deyə bilərik.

Amma istənilən halda, sözügedən mütəxəssisi ölkəmizə gəlmiş ən səviyyəli futbol adamı adlandırmaq mübaliğəli yanaşma sayılmaz. Amma bununla belə, Toşak özünü Azərbaycanda da sübut etməyə borcludur. Amma uelsli mütəxəssis ilk növbədə Avropa Liqasında Hayfa “Makkabi”sinə ağır məğlubiyyəti (0:8) unutdurmalıdır. Əks halda, onu heç xoş sonluq gözləmir. Amma Topaz Premyer Liqasının ilk turda “Sumqayıt”la, ardınca isə “Simurq”la heç-heçə oynayan Con Toşakın komandası həmin uğursuzluğu unutdurana oxşamır.

Yeni mövsümdən “Qəbələ”ni çalışdıracaq Yuri Syomin də Azərbaycan Premyer-Liqasında çalışacaq tanınmış məşqçilər sırasındadır. bir dəfə SSRİ kuboku, 2 dəfə Rusiya çempionluğu, 4 dəfə Rusiya kuboku, 2 Rusiya dəfə superkuboku, 1 dəfə "Birlik kuboku", 1 dəfə Ukrayna çempionluğu və Ukrayna superkubokunu qazanan 66 yaşlı məşqçi üçün ölkəmizdə də uğur qazanmaq problem olmamalıdır.

Ölkəsinin “Lokomativ”, “Dinamo” komandaları ilə yanaşı, Kiyev “Dinamo”sunda çempionluq yaşayan mütəxəssis “Qəbələ”dəki ilk ilində komandanı ən azı Avroliqaya daşımalıdır. Yuri Syominin postsovet məkanının təmsilçisi olması əksər “Qəbələ”lilərlə dil problemi yaşamayacağı anlamına gəlir. Digər tərəfdən, rusiyalı mütəxəsisisin 1983-1985-ci illər aralığında Tacikistanın "Pamir" komandasınına rəhbərlik etməsi də bu regionun futbol ənənələrinə yaxından bələd olması deməkdir ki, bu da “qırmızı qaralar”ın lehinə işləyə bilər. Topaz Premyer Liqasının yeni mövsümünə “Bakı” üzərində səfər qələbəsi ilə başlayan, ardından evdə “İnter”i yenən rusiyalı mütəxəssisin komandası üçün hər şeyin yaxşı başladığını demək olar.

“Bakı”nın “sükanı araxası”na keçən serbiyalı Milinko Pantiç adına görə həm Toşakdan, həm də Syomindən geri qalsa da, futbolda adların heç də həmişə işə yaramadığı bəllidir. Futbolçu kimi parlaq karyeraya malik olan Pantiç məşqçi kimi isə yalnız Madrid “Atletiko”sunun “B” komandasını çalışdırıb. Onun yuxarıda adını sadaladığımız məşqçilərlə müqayisədə uğuru “ac” olması 46 yaşlı mütəxəssisin “zolaqlılar”ı hədəfə çatdırmasını şərtləndirə bilər. Amma ilk ölkə birinciliyinin açılış turunda “Qəbələ”yə, ikinci turda isə AZAL-a yenilən “Bakı”nın bu dəfə də düzgün seçim etmədiyini düşünənlər az deyil.

Ölkə futboluna yad olmayanlardan nə gözləyək?

Son 5 ili “İnter”də keçirən Kaxaber Tsadadzenin digər əcnəbilərdən əsas üstünlüyü ölkə futboluna yaxından bələd olmasıdır. Hazırda “bankirlər”in elitanın iddialıları sırasında olmasını məhz gürcü mütəxəssisin adı ilə bağlamaq olar. Əlindəki “metaeral”dan yaxşı yararlanmağı bacaran əcnəbi çalışdırıcının heyəti orta səviyyəli oyunçulardan qurulan “ağ-göylər”lə zirvəyə göz dikməsi qabardılmalı məqamdır. Sözügedən mütəxəssisin rəhbərliyi altında ölkə çempionu və elitanın gümüş mükafatçısı olan, eləcə də Rusiyada keçirilən “Birlik” kubokuna yiyələnən “İnter”dən yenə də Premyer-Liqaya rəng qatmasını gözləmək olar. Başqa sözlə, hər nə qədər komandası cari mövsümə məğlubiyyətlə başlasa da,Toşak və Syomin kimi tanınmışların at oynatmaq istədiyi çempionatda Tsxadadze də adından söz etdirə bilər.

Ötən ilin mart ayından etibarən “Simurq”un baş məşqçisi postunu tutan Georgi Çıxradze də ölkəmizin futbol təsərrüfatı ilə yaxından tanışdır. 2009-cu ildən 2012-ci ilin mart ayına qədər “İnter”də Kaxaber Tsxadadzenin köməkçisi kimi çalışan 46 yaşlı məşqçi ölkəsində isə Tiflis “Ameri”sini çalışdırıb. Məşqçi kimi 2005-ci ildə UEFA-nın “B”, 2006-cı ildə isə “A” kateqoriyasını alan, bundan üç il sonra isə “PRO” kateqoriyasına sahib çıxan Çıxradzenin məşqçi kimi uğurları isə iki dəfə Gürcüstan kuboku və Superkubokuna sahib çıxması və 2006-cı ildə Gürcüstanın üç ən yaxşı məşqçisindən biri, 2007-ci ildə isə ən yaxşı məşqçisi seçilməsidir. Çıxradzedən gələn mövsüm üçün gözləntilərə gəlincə, “sarı-qaralar”ın heyətlə bağlı problemi olmasa, gürcü mütəxəssisin komandası Avropa Liqasına qatılmaq üçün mübarizə apara bilər.

Öndə gedən flaqman və sürət yığmış “köhlən atlar”

Ölkənin digər komandalarını isə yerli mütəxəssislər çalışdırmaqdadır. Həmin komandalardan Premyer-Liqanın iddialıları sırasına aid edə biləcəyimiz komandalar isə son üç ilin çempionu “Neftçi” və son birinciliyin gümüş mükafatçısı “Qarabağ”dır. Mövsümün startına az qalmış Çempionlar Liqasındakı məlum uğursuzluqdan sonra istefa verən Böyükağa Hacıyevi müvəqqəti əvəzləyən Tərlan Əhmədov-Kamal Quliyev-Bəxtiyar Musayev triosunun necə təsir bağışlayacağı maraq doğurur. Düzdür, son çempion Premyer-Liqanın ilk turunda AZAL-ı “uçuş zolağında saxlamaqla”, ilk ev qarşılaşmasında isə “Rəvan”ı məğlub etməklə mövsümə yaxşı başladı, amma bununla belə, sözügedən üçlüyün birgə fəaliyyətini futbol ictimaiyyəti üçün “sirli qutu” saymaq olar.

Topaz Premyer-Liqasının daha bir favoriti olan “Qarabağ”ın da yeni mövsümdə zirvəyə iddialı olacağı dəqiqdir. “Köhlən atlar”ın çempionluğa oynayacaq kollektiv formalaşdırmaq əzmində olması belə deməyə əsas verir. Komandadan uğur gözləməyə əsas verən daha bir məqam isə “Qarabağ”ın son beş ildə eyni məşqçiyə - Qurban Qurbanova güvənməsidir. Məhz 41 yaşlı çalışdırıcının komandanı yaxşı tanıması sözünü deyə bilər. Şübhəsiz, hazırkı baş məşqçinin müəyyənləşdirdiyi oyun üslubu və kadr siyasəti fonunda ağdamlıların bəlli irəlləyişi gözə dəydi. Yetirmələrini matça kökləmək bacarığından danışırıqsa, ağdamlıların son illərdə beynəlxalq arenada boyundan yuxarı tullandığı oyunları yada salmağımız kifayətdir.

Doğrudur, “Neftçi”nin ötən mövsümkü məlum uğurundan sonra Qurban Qurbanovun komandasının Norveç “Rusenborq”unu və Polşa “Visla”sını üstələməsi adi görünsə də, həmin vaxt klub futbolumuzda daha artığını bacaran kollektivin olmaması da unudulmamalıdır. Hələ bura “Qarabağ”ın cari avrokuboklar mövsümündəki uğurlu çıxışını da əlavə etmək olar. Məşqçilik karyerasında üç dəfə gümüş, bir dəfə isə bürünc medalları qazanan, eləcə də ölkə kubokuna sahib çıxan Qurbanov ölkə daxilindəki medal kolleksiyasını tamamlamaq üçün gələn mövsüm qızıl medalları boynundan asmalıdır.

Alçaqdan uçan təyyarə və "çulunu sudan çıxarmaq" istəyənlər

Ölkə birinciliyinin “ikinci eşelon” komandalarından olan AZAL, “Rəvan” və “Sumqayıt”a gəlincə, bu klubları çalışdıran məşqçilərdən nisbətən Vaqif Sadıqovu önə çıxarmaq olar. Hazırda AZAL-a rəhbərlik edən 54 yaşlı çalışdırıcı milli səviyyəsində müxtəlif dövrlərdə üç dəfə əsas yığmamıza rəhbərlik etməklə yanaşı, klub səviyyəsində ölkə daxilində “Fərid” “ANS Pivani”, və “Neftçi”də, ölkə hüdudlarından kənarda isə İranın “Maşinsazi” və Rusiyanın “Anji” komandalarında çalışıb. İndiyə qədər 2 dəfə Azərbaycan kuboku, bir dəfə isə superkubokunu qazanan Sadıqovun gələn mövsüm üçün büdcəsinə məhdudiyyət qoyan “təyyarəçilər”lə ciddi uğur qazanacağı az inandırıcıdır.

Elə Vaqif Sadıqov kimi “Rəvan”lı Vlodislav Qədirov və “Sumqayıt”lı Aqil Məmmədovdan da ciddi uğur gözləməyə dəyməz. Topaz Premyer-Liqasında qalmaq üçün mübarizə aparacaq “Rəvan”la “Sumqayıt”ın baş məşqçilərinin “əmək kitabçası”na ən yaxşı halda komandalarını elitada saxlamaq bacarığı əlavə oluna bilər.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti