Mətbuat Şurası Rüstəm Behrudi ilə bağlı məsələyə baxıb

Mətbuat Şurası Rüstəm Behrudi ilə bağlı məsələyə baxıb
  16 Avqust 2013    Oxunub:980
Avqustun 15-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası yeni tərkibdə ilk iclasını keçirib. Modern.az xəbər verir ki, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya üç şikayətlə əlaqədar rəylər çıxarıb.

Öncə Bakı kəndlərinin bir qrup sakininin Rüstəm Behrudinin «Yeni Müsavat» qəzetinin 26 iyul 2013-cü il tarixli sayında gedən «Hamıya qalib gəlib özünü satan Bakı» sərlövhəli yazısı ilə əlaqədar müraciətinə baxılıb.

Məsələ ilə əlaqədar şikayətçi və cavabdeh tərəflərin mövqelərinə aydınlıq gətirilib, rəy və təkliflər öyrənilib. Şikayətçi tərəf yazıdakı yanaşma ilə əslində təkcə Bakı və bakılılara deyil, bütövlükdə əxlaqi dəyərlərimizə münasibətdə sayğısızlıq göstərildiyini vurğulayıb. «Yeni Müsavat» qəzetinin təmsilçisi bildirib ki, məqalədə yer alan fikirlər redaksiyanın, onun rəhbərliyinin mövqeyini əks etdirmir və mətbu nəşr MŞ-nin mövcud istiqamətdə çıxaracağı qərarın icrasına hazırdır.

İclasda bildirilib ki, hər bir ictimai rəyə təsir edən nəşr konkret məkan, yerlə bağlı yazıların təqdimatı zamanı həmin nümunənin toplumda, ayrı-ayrı vətəndaşlar içərisində hansı reaksiya doğuracağı reallığını da nəzərə almalıdır. Mövcud xüsusda «Yeni Müsavat» qəzetinə gələcəkdə bu kimi məsələlərin təqdimatına daha həssas yanaşmağın tövsiyə edilməsinin vacibliyi önə çəkilib. Bildirilib ki, Mətbuat Şurası şikayətçi və cavabdeh tərəf arasında qarşılıqlı anlaşmanın əldə edilməsində bütün mümkün variantları razılaşdırmalıdır.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin «Elin sözü» qəzeti barədə müraciəti araşdırılıb. Komissiya çıxışlara və toplanmış materiallara istinadən məsələnin kökündə «reket jurnalistika» əlamətlərinin dayandığı qənaətinə gəlib. Buna görə də məsələyə «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılması məqbul sayılıb. İclasda «Elin sözü» qəzetinin təsisçisi Minadi Mikayılovun nəzərinə çatdırılıb ki, vaxtilə əməkdaşı olduğu İqtisad Universitetinə və onun rəhbərliyinə qarşı tətbiq edilən metod etik prinsiplərə, jurnalist əxlaqına ziddir. Həftəlik qəzet universitet və rektor barədə müsbət xarakterli materialın dərcindən sonrakı üç ay ərzində 14 mənfi meylli, həm də bir-birinin təkrarı olan yazı verib ki, bunların da müəllifi ali məktəblə münaqişədə olan keçmiş əməkdaşdır.

Masallı rayonunun bir qrup ziyalısının «Dünya» İnformasiya Agentliyi (dia.az) ilə bağlı şikayətinin müzakirəsində cavabdeh tərəf iştirakdan imtina edib.

Xəbər portalının təsisçisi və baş redaktoru Məhəmməd Ərsoy Şuranın Katibliyinə bunu məktubda onun ünvanına təhqiramiz ifadələrin işlədilməsilə əsaslandırmağa çalışıb. Lakin şikayətçi tərəfin məktubunda təhqir elementləri olmadığından komissiya cavabdehin belə əsaslandırmasını iştirakdan imtina üçün əsaslı səbəb saymayıb və prosedur qaydaya uyğun olaraq məsələni müzakirə edib. İddiaçıların çıxışlarında göstərilib ki, dia.az-da il ərzində Masallı rayonundan bəhs edən 81 yazı verilib. Materialların təqdimatında balans prinsipinin tələbləri gözlənilməyib, çoxsaylı etik pozuntulara yol verilib. Nəticədə ictimai rəyi yanlış istiqamətə yönəldən məlumatlar yayımlanıb, müxtəlif yaşlı, vəzifəli insanların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna etinasız yanaşılıb.

İclasda sözügedən xəbər portalından MŞ-yə şikayətlərin daxil olduğu, materiallarda peşə davranışı qaydalarına sayğısızlığın özünü qabarıq biruzə verdiyi göstərilib. Buna görə də dia.az-ın fəaliyyətinin Şuranın internet media resursları üzrə komissiyasında araşdırılması, yekunu barədə təqdimatın MŞ-nin İdarə Heyətində müzakirəsi məqbul sayılıb.




Teqlər:





Xəbər lenti