`İvon Bottonun arzuladığı həyat` kitabı təqdim olunub

`İvon Bottonun arzuladığı həyat` kitabı təqdim olunub
  24 Noyabr 2016    Oxunub:3001
Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının bu təşkilatda Daimi Nümayəndəliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Şain Sinarianın müəllifi olduğu “La vie rêvée d’Yvonne Botto” (“İvon Bottonun arzuladığı həyat”) kitabının təqdimat mərasimi keçirilib.
TEAS Press Nəşriyyat evi tərəfindən dərc edilmiş kitabın təqdimatına yüzə yaxın qonaq iştirak edib. Qonaqlar arasında Parisdə akkreditə olunmuş xarici diplomatlar, jurnalistlər, təqdiqatçılar, tələbələr və Azərbaycan diasporasının fəalları vardı.
Azərbaycan Respublikasının UNESCO-da Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tədbiri giriş sözü ilə açaraq deyib: “Azərbaycan - bəşər sivilizasiyasının beşiklərindən biri, müxtəliv millət və dinlərin birgə dinc yaşayışının nümunəsidir.

Mənim ölkəm tolerantlıq, dinc şəkildə birgə yaşayan və bir-birinə qarşılıqlı hörmətlə yanaşan, müxtəlif dinlərə məxsus insanlar arasında etimad sinonimidir. Məhz bu ruhda multikulturalizm prinsiplərini rəhbər tutaraq biz bu gün UNESCO-nun Baş Qərargahında bu tədbiri təşkil etmişik. Bu qlobal təşkilat sülh və dialoq, qarşılıqlı anlaşma və tolerantlığı təşviq etmək üçün fəaliyyətin önündə gedir.”

UNESCO-nun Sosial Transformasiya və Mədəniyyətlərarası Dialoq Bölməsinin rəhbəri Dendev Badarş vurğulayıb ki, İvonnanın hekayəsi millətlər və mədəniyyətlər arasında bir körpü nümunəsidir. Bu kitab xeyirxahlıq və insanlıq üçün ümid və ilham mənbəyidir.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri xanım Marie-Laetitia Gourdin: “İvonna Botto bir insanın şəxsi tarixçəsinin bəşəriyyətin böyük tarixi ilə necə yoğrula biləcəyini göstərir. İvonnanın həyatı o qədər qeyri-adidir ki, o, Fransa Respublikasının prezidenti Fransua Ollandın diqqətini də cəlb edib. 11 may 2014-cü il tarixində Azərbaycana səfəri zamanı o bildirmişdi: “Xanım Botto, bizə burada Fransa Respublikasında əminlik verdiyinizə və iki ölkə arasında bu dostluq işarəsinə görə təşəkkür edirəm ... Siz Fransa və Azərbaycan arasında dostluğun nümunəsisiniz."- deyərək, o prezidentdən sitat gətirib.

İvonnanın əmisi qızı xanım Marsella Botto İvonnanın qeyri-adi məhəbbət hekayəsindən, onların sovet vaxtı yazışmaları haqqında danışıb: “Mən 2011-ci ildə 83 yaşlı İvonnanı Fransaya, uşaqlığı keçdiyi La Fayet kəndinə səfərini təşkil edən TEAS rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. İvonnanın hekayəsi hər şeydən öncə məhəbbət hekayəsidir. O, əvvəlcə həyat yoldaşına olan məhəbbətdən, sonra isə uşaqlarına olan sevgisindən ruhlanaraq bütün çətinliklərə sinə gəlib.”
Bu hekayə 2011-ci ildə jurnalist Səbuhi Məmmədlinin İvonna Botto haqqında bəhs edən məqaləsinə Avropa Azərbaycan Cəmiyyətini diqqətini cəlb etməklə başladı. İmişli rayonuna ezam olunmuş Səbuhi sel nəticəsində evlərini itirmiş insanlar haqqında reportaj hazırlayarkən təsadüfən öyrənir ki, sən demə İmişli rayonunun Murquzallı kəndinin sakini İvonna Botto Azərbaycana müharibə veteranı olan həyat yoldaşı ilə birlikdə 1947-ci ildə Fransadan köçüb. Onlar evləndikdən qısa bir müddət sonra yoldaşı vəfat edir. O, oğluna görə ölkədə qalmaq qərarına gəlir və yenidən ailə həyatı qurur.

Onun Fransada yaşayan ailə üzvlərinin tapılmasında yaxından iştirak edən Avropa Azərbaycan Cəmiyyətinin sayəsində İvonna nəhayət 64 il sonra, 2011-ci ilin oktyabrında öz dogma kəndinə qayıdır və doğmalarının məzarını ziyarət etmək ona qismət olur . Tədbir Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist, caz ustası Emil Əfrasiyabın ifasında konsert proqramı ilə davam edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti