Hərbi rejim getdi, hərbi rejim gəldi... – TƏHLİL

Hərbi rejim getdi, hərbi rejim gəldi... – TƏHLİL
  16 Avqust 2013    Oxunub:2296
Elzar Ağayev, Misir
Xüsusi olaraq AzVision.az üçün

Hüsnü Mübarəki devirmişdilər, amma yerinə hələ heç kimi qoymamışdılar. Dostum və operatorum Abdulsalamla Qahirə dəmiryol vağzalının platformasında İsgəndəriyyə qatarını gözləyirdik. Deyilənə görə, İsgəndəriyyədə Mübarək tərəfdarları toplanmışdı, gedib çəkmək istəyirdik.


Abdulsalam, “kola”sını içdikdən sonra dəmir bankanı əzib düz qatarın yoluna, relsin üstünə atdı. Qahirənin dünyanın ən gözəl, amma təəssüf ki, həm də ən çirkli şəhərlərindən biri olduğunu hər imkanda ürək yanğısıyla qeyd edən mən, təbii ki, özümdən çıxdım. Mükəmməl olmayan ərəbcəmlə, bir az da hiddətin yol açdığı səhvlərlə ”Ay misirli, niyə ora atırsan, gormürsən bu boyda zibil qabını burda?????” (İnanın ki, tələffüzümdə sual işarələri daha çox idi...) - dedim. Abdulsalam, bir az fikirləşib, Misirdəki vəziyyəti tam özətləyən, heç vaxt unutmayacağım o cümləni işlətdi: “Yeni prezident gələndə düzələcək hamısı...”

Yeni Prezident gəlmişdi, Abdulsalam...

Misirlilər xoş, gülərüz, xeyirsevər, təvazökar, imanlı, təhsilə meylli insanlardır. Onlar daha yaxşıya layiq olduqlarını dərk edib, inqilab sevdasına düşmüşdülər. Amma Hüsnü Mübarək hərbi rejiminin devrilməsi Ərəb baharı tarixinə, bir sıra Misirə xas və təəssüf ki, xoş olmayan faktlarla da həkk olundu.

Tunisdən Suriyaya qədər bütün regionda idarəolunmaz xaos hökm sürürdü. Lakin, yağmalamalar, soyğunlar, kütləvi zorlamalar Misirdə daha çox müşahidə edilirdi. Bizim məhəllənin sakinləri əllərində taxta, dəmir parçaları, balta, bıçaq, səhərə qədər həyətdə növbə çəkirdilər. Kənar kəndlərdə yaşayan bədəvilər dəstə-dəstə toplanıb, nisbətən abad qəsəbələrə hücum edir, evlərə girib vəhşilik edirdilər çünki. Bunları etnik xüsusiyyətlər kimi yox, misirlilərin, son bir neçə onillikdə yaşadığı şəraitin fəsadı kimi nəzərdən keçirmək lazımdır. 29 il fövqəladə vəziyyətdə (Fövqəladə vəziyyəti 1981-ci ildə Ənvər Sadat qətlə yetirildikdən sonra Mubarak elan etmişdi), hərbi formadan qorxa-qorxa yaşayan insanlar, boşluğu xaosa çevirməliydi təbii ki...

Abdulsalamın arzuladığı prezident gəldi. Yaşı 30-dan aşağı olan, Mubarəkdan başqa rəhbər görməmiş misrli, inanmasa da, əlindəki kağızı qutuya atdı (Mursiyə səs verənlərin 62%-i gənclər olub). Qutudan Mursi çıxdı. Prezident Məhəmməd Mursinin, Napoleondan qalan ənənəyə xilaf çıxmayıb ilk 100 gündə görəcəyi işlərə dair söz verməsi, sonra təbii olaraq əksəriyyətini yerinə yetirə bilməməsi heç kimdə təəccüb doğurmadı. Gözlənilməz olan bu oldu ki, adam 100 günün tamamında on minlərlə misirlini Qahirə stadionuna topladı, etdiklərini sadaladı – hesabat verdi, söz verib edə bilmədikləri üçün Xalqdan üzr istədi. Bax, Misirlilər buna öyrəşməmişdilər.

Aylardır mitinqlərdə vaxt öldürən misirli gənc başa düşdü ki, rəhbər əlçatandır, hətta ona etiraz da etmək olar... Etiraz etmək ənənəyə çevrildi. Seçkilərdən sonra 10-15 adamın yığılıb hansısa idarənin qarşısında lokal tələblər səsləndirdiyini hər addımda görmək olardı. Hər yerdə hamı nəyəsə etiraz edirdi və bəlkə demokratiyaya həqiqətən inandığından, bəlkə də nə edəcəyini bilmədiyindən Mursi hakimiyyəti bu etirazlara loyal yanaşırdı. Amma ifrat demokratiyanın xaosa çevrilməsi düsturu az qala bütün siyasi nəzəriyyələrdə var. Misir də istisna olmadı... Misirli qanı bahasına qazandığını öz əlləriylə dəfn etdi.

Hüsnü Mübarək isə ömürlük həbs edilib. Bilirsən nəyə görə, Abdulsalam? Məndən yaxşı bilirsən...

30 ildə etdiyi cinayətlərə,ölkəni taladığına, əsas dayağı olan orduya əlahiddə səlahiyyətlər verdiyinə görə yox. “Təhrir”dəki etirazçılara qarşı Polisə “atəş” əmri verdiyinə və beləcə 300-dən artıq nümayişçinin qətlində təqsirli bilindiyinə görə. Son 1 həftədə Hərbi xuntanın qətl etdiyi dinc nümayişçilərin sayı isə 1000-ə yaxınlaşır...

Mənə görə, Hüsnü Mübarək rejiminə qarşı etirazlarda ölənlərin qanı boş yerə axıdılmış oldu. Hərbi rejim getdi, hərbi rejim gəldi...


Teqlər:  





Xəbər lenti