Milli Şuranın bəysiz toyu

Milli Şuranın bəysiz toyu
  16 Avqust 2013    Oxunub:994
Vüsal Məmmədov

Bəzi şeylərin arasında ardıcıllığın olması vacibdir. Məsələn, atı arabanın qabağına bağlayarlar. Əvvəl narkoz verərlər, sonra kəsərlər. Öncə seks olar, sonra uşaq… və sair və ilaxır… Bu ardıcıllığı davam etdirsək, gəlib belə bir məqama çıxacağıq: əvvəl namizəd olar, sonra mitinq.
Niyə belə olmalıdır? Çox sadə səbəbə görə: mitinqə gedən bilməlidir ki, niyə gedir, kimə dəstək vermək üçün gedir… Burada ideologiyaya dəstək verməkdən söhbət gedə bilməz. Çünki Mili Şura hansısa ideya üstündə qurulan təşkilat deyil. O, bir-birinə zidd maraqların, insanların zorla bir çərçivəyə sığışdırıldığı qurumdur, bu üzdən də, onu “topdan” dəstəkləmək mümkün deyil, ancaq hansısa namizdə pərakəndə şəkildə dəstək vermək olar.

Amma Milli Şurada nəinki vahid namizəd yoxdur, hətta vahid namizədliyə vahid namizəd də yoxdur. Vahid namizədliyə xeyli namizəd var. İndi mitinqə qatılası adamlar aksiyaya kimə dəstək verməyə gedəcəklər? Vahid namizədliyə namizədlərə?

Ona görə də, indiki vəziyyətdə Milli Şuranın mitinq keçirməyi bəysiz toy kimi bir şeydir.

İkinci tərəfdən, hamıya bəlidir ki, əgər vahid namizədi seçə bilməsə, Milli Şura dağılacaq. Çünki bu, seçkiyə vahid namizədlə qatılmaq üçün düşünülmüş formatdır. Namizəd olmasa, format da olmayacaq. Yəni faktik olaraq yaxın bir həftədə qurumun ölüm-qalım məsələsi həll olunur.
Belə vəziyyətdə hələ nə olduğu, necə olacağı bilinməyən qurumun mitinq nəyinə lazımdır?

Məsələn, mitinqin tribunasında Əli Kərimli və İsa Qəmbər yanaşı duracaqlar. Hansı məntiqlə? Bir-birinin vahid namizədliyinə hər yolla əngəl törətməyə girəvə axtaran iki siyasətçi necə eyni mitinqin qəhrəmanı ola bilir? Hər şey bir qırağa, onlar heç eyni ideyaya xidmət etmirlər axı..

Vəziyyət doğrudan anormaldır. Məntiqlə yanaşanda Milli Şuranın tərəfdarlarının indi ancaq bir tələbi ola bilər və olmalıdır: İbrahimbəyov Bakıya qayıtsın! Çünki bu qurum ancaq İbrahimbəyov üçün düşünülmüş bir formatdır. Ənənəvi müxalifət onun daxilində birləşə bilməz. İbrahimbəyov olmasa Şura da olmayacaq. Amma o, özü qayıtmaq istəmir axı. Deməli, Milli Şuranın mitinqi əslində elə İbrahimbəyova qarşı keçirilməlidir. Çünki hazırkı anda bu qurumu dağırdan İbrahimbəyovdur.

Vahid namizədi olmayan Şura bundan başqa mitinqdə hansı tələbləri irəli sürə bilər ki, məntiqli çıxsın?
“İstefa”? – Niyə durduğun yerdə birdən “istefa” tələb eləməlisən ki?
“Azad seçki”? – İndidən nə bilirsən ki, seçki azad olmayacaq?
“İbrahimbəyov qayıtsın”? – Qayıtsın da. qabağını kəsən var?

Başqa nə?


Teqlər:  





Xəbər lenti