600 sui-qəsddən canını qurtaran Fidel – DOSYE (FOTOLAR +VİDEO)

  26 Noyabr 2016    Oxunub : 23682
600 sui-qəsddən canını qurtaran Fidel – DOSYE (FOTOLAR +VİDEO)
Xəbər verdiyimiz kimi, bu gün Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib.

AzVision.az əfsanəvi komendantın keçdiyi həyat yolunu oxuculara təqdim edir:

Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub.

Bu, Kastronun doğum tarixi barədə bilinən məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlarda isə, Kastro əslində 1927-ci ildə anadan olub.



Kastronun atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib.

Kastro təhsilini Çilinin paytaxtı Santyaqoda katolik internatında alıb, həm də Havanadakı yezuit kollecində oxuyub. Sonradan Kastro Havana universitetinə daxil olub və oranı hüquq təhsili üzrə bitirib. 50-ci illərin əvvəllərində o, Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb. Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş olub və diktatura rejimi qurulub. Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da, tezliklə dağıdılıb. Buna baxmayaraq Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.



1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhdini göstərib və hərbi kazarmalardan birinə hücum edib. Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb. Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib. Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib. O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışını edib və Batistanın diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb. Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə əfv olunub. Həmin il o, Meksikaya mühacirət edib.

1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər. O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb. Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb. Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar. Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.



1976-cı ildən 30 il ərzində Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, həmçinin İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri olub.

47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib. Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq "komandante" ləqəbli Kastro bütün bunlardan salamat çıxıb. Kastro alovlu natiq kimi də tarixə düşüb. O, saatlarla dayanmadan danışa bilirdi. Məsələn, o, Amerika konqresmenlərinə sağlam inək sortunun yetişdirilməsi barədə üç saat mühazirə oxuyub, BMT Baş Assambleyasının toplantısında isə yeddi saat çıxış edib. Kastronun şəxsi həyatı barədə çox az məlumat var. Onun neçə arvadının olduğu dəqiq məlum deyil, ancaq Kastro bu vaxtadək üç dəfə evlənib.



Məlumdur ki, onun birinci arvadı Batista rejiminin nazirlərindən birinin qızı olub. Həmin evlilikdən Kastronun bir oğlu var. Onun altı övladının olduğu deyilir. İkinci evlilikdən olan qızı Alina 1993-cü ildə saxta ispan pasportuyla ABŞ-a qaçıb və sonradan Kastronun şəxsi həyatı haqda kitab yazıb. Kastronun bacısı Xuanito da 60-cı illərdə ABŞ-a mühacirət edib. Çünki diktator öz yaxınlarına münasibətdə də amansız idi.

Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək. Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi. Kastro həmişə geydiyi tünd rəngli frençlə tarixə düşüb. Kubalılar Kastronu həmişə bu frençdə görüblər. Xarici görünüşünə görə o, adi hərbi mundirdən fərqlənmir, ancaq əslində o xüsusi materialdan hazırlanıb və onun bədənində sabit temperatur saxlayır.



Səhhətində yaranan problemlərlə əlaqədar Fidel Kastro 31 iyul 2006-cı ildə səlahiyyətlərini qardaşı Raul Kastroya verib.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: