Nazirlik əlillərlə bağlı layihələrin icrasına başlayıb

Nazirlik əlillərlə bağlı layihələrin icrasına başlayıb
  16 Avqust 2013    Oxunub:1107
İxtisaslaşmış QHT-lər tərəfindən sosial xidmətlər göstərilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» 9 yanvar 2013-cü il tarixli Sərəncamına uyğun olaraq, qeyd olunan təbəqələrdən olan şəxslərə ixtisaslaşmış QHT-lər tərəfindən müxtəlif formalı sosial və reabilitasiya xidmətləri göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, belə ki, nazirliyin paytaxtda və regionlarda sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətlərin göstərilməsi məqsədilə KİV-lər vasitəsilə elan etdiyi müsabiqələrə ixtisaslaşmış QHT-lər tərəfindən 50-dək layihə təqdim olunub.

QHT-lərin fəal iştirakı ilə şəffaflıq şəraitində keçirilən müsabiqələrdə qalib gəlmiş 17 QHT tərəfindən hazırda 14 sosial xidmət sahəsi üzrə xidmətlərin göstərilməsi təmin olunur.

Qeyd olunan işlər çərçivəsində 3 rayonda sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri, 8 rayonda sözügedən şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması üçün günərzi qayğı mərkəzləri, 1 şəhərdə isə məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası üçün mərkəz yaradılıb.

Həmçinin 10 rayonda belə uşaqlar üçün səyyar reabilitasiya xidmətlərinə, 4 rayonda 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası üzrə sosial reabilitasiyası işlərinə başlanılıb.

Bununla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası, baxımsız və hüquq pozuntusu törədən uşaqların, həmçinin sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, penitensiar və xüsusi müəssisələrdən azad olunmuş uşaqların sosial adaptasiyası məqsədilə də müvafiq layihələr icra olunur.

Göstərilən xidmətlər 30-dək rayon üzrə ümumilikdə 1500 nəfər uşağı və onların ailələrini əhatə edir.


Teqlər:





Xəbər lenti