Ermənistan uğrunda mübarizə başladı – TƏHLİL

Ermənistan uğrunda mübarizə başladı – TƏHLİL
  26 Fevral 2013    Oxunub:1957
Ermənistanda prezident seçkiləri zamanı baş verən hadisələr və nəticələrin elan olunmasından sonra üzə çıxan məqamlar bu ölkəylə bağlı daha əvvəl irəli sürülən ehtimalları doğruldur.
Faktik olaraq Ermənistan Cənubi Qafqazın Avropaya inteqrasiyadan yayınan yeganə dövlətidir və birmənalı şəkildə Rusiyanın subyekti kimi birbaşa Kremldən gələn göstərişlər əsasında fəaliyyətini qurur. Yerevanın siyasətini Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmiş qüvvələr həyata keçirdiyinə görə, əslində onların başqa seçim imkanları da qalmır. Beləliklə, Qərb anlayır ki, Ermənistanın demokratikləşməsi və Avropaya inteqrasiya yolunu tuması üçün ölkədə hakimiyyət dəyişikliyini həyata keçirməkdən başqa yol yoxdur. Hətta demək olar ki, Ermənistanda hakimiyyət dəyişikliyi Qərbin Yaxın Şərq və Qafqaz siyasətinin təməlini təşkil edir. Ermənistanın Rusiyanın tabeçiliyində qalması İrana qarşı kampaniyanın başlanmasını riskli edir, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə uzanan dünya əhəmiyyətli nəqliyyət xətlərini təhlükə qarşısında qoyur və nəhayət, Rusiyanı Yaxın Şərqə birləşdirən zəncir rolunu oynamaqla əlavə qayğılar yaradır.
ABŞ bununla bağlı keçən ilin sonunda ermənilərə xəbərdarlığını etdi və “erməni soyqırımı” məsələsi Ağ Ev rəhbərinin çıxışlarının mətlərindən silindi. Təbii ki, ermənilərin hər zaman dəstək göstərdiyi Demokrat Partiyasının namizədinin belə addım atması erməni lobbisini Amerikada prezident seçkisi öncəsi mövqelərini dəyişəcəklərini bəyan etməyə vadar etsə də, son nəticədə ermənilər Barak Obamanın seçilməsinə mane ola bilmədilər. Ermənilər ilk dəfə anladılar ki, uzun illərdir ABŞ tərəfindən sadəcə olaraq, əlavə təsir vasitəsi kimi istifadə olunublar və əslində heç də həlledici söz sahibi deyillər. Vaşinqton ermənilərə qarşı rəftarının dəyişmə səbəbini keçən ilin sonunda Fransa prezidenti vasitəsilə Serj Sarkisyana çatdırdı. Parisdə keçirilən görüş zamanı Olland açıq şəkildə bildirdi ki, Yerevan öz mövqeyinin dəyişməsi üzərində ciddi düşünməlidir. Lakin Sarkisyan bunu düşünmək səlahiyyətinə malik olmadığı üçün, bu barədə erməni lobbisi düşünməyə başladı.
Ermənistanda seçkiqabağı marafonun ən qızğın çağında Paruyr Ayrikyan adlı namizədə qarşı sui-qəsdin törədilməsinin arxasında kimin durmasından asılı olmayaraq, əldə olunan nəticə ondan ibarət oldu ki, dünya icmasının bu ölkədəki proseslərə diqqəti artdı. Sarkisyan ölkə ictimayyətinin səssiz razılığından, rəqbətsizlikdən və dünya mediasının gözündən yayınaraq sakitcə prezident kürsüsünə əyləşə bilmədi.
Erməni lobbisinin də prezident seçkilərindən sonra adəti üzrə hakimiyyətə gələcək Serj Sarkisyanı dəstəkləməyəcəyi aydın idi. Səsvermənin nəticələri elan olunduqdan sonra Los-Ancelesdə erməni icmasının Sarkisyanın əleyhinə şüarlar səsləndirməsi bunu sübut edir. Xatırlatmaq yerinə düşər ki, ABŞ-da erməni icmasının ən sıx və təşkilatlanmış olduğu şəhər məhz Los-Ancelesdir. Faktik olaraq, bu şəhərdə ermənilərin Sarkisyanın əleyhinə çıxması dünya erməni lobbisinin hazırkı hakimiyyəti dəstəkləməməsi anlamına gəlir.
Sarkisyan məsələnin ciddiliyini anlamamış deyil. O, lobbinin hakimiyyəti dəstəkləməməsinin hansı nəticələr verəcəyini yaxşı başa düşür. Artıq Yerevan Rusiya ilə Qərb arasında var-gəl edərək, mərkəzçi xarici siyasəti yürüdə bilməyəcək, ildən-ilə azalan Amerikanın dövlət səviyyəli yardımları ilə yanaşı, lobbinin qeyri-rəsmi maliyyə yardımlarından məhrum olacaq. Məhz bu yardımlar hesabına Dağlıq Qarabağla bağlı müxtəlif populist layihələr icra olunur, müəyyən qədər narazı əhali təbəqələrinin susdurulması üçün onlardan istifadə edilirdi. Qısacası, Sarkisyan xarici siyasi dəstəklə yanaşı, maliyyə dəstəyindən də məhrum oldu. Təbii ki, belə olan halda uzun müddət hakimiyyətdə qalmaq mümkün deyil, hətta demokratik yolla seçilmiş olsan belə. Qaldı ki, seçki saxtalaşdırılması yolu ilə prezident kürsüsünə yiyələnəsən.
Seçkidən sonra parlayan müxalif siyasi xadim Raffi Ovanesyan da güman ki, hadisələrin Sarkisyan rejiminin xeyrinə inkişaf etmədiyini anlayır və təsadüfi deyil ki, öz bəyanatlarında tələsmədən hakimiyyətə qarşı qanuni yollarla mübarizə aparacaqları və qalib gələcəklərini səsləndirir. Ovanesyan Sarkisyan rejiminin hakimiyyətdə qalmaq üçün resurslarının tükəndiyindən xəbərdardır.
Beləliklə, Ermənistanın avropalaşdırılması, yaxud Rusiyadan qoparılması prosesinə rəsmi olaraq start verildiyini demək olar.

Tofiq Əsgərov


Teqlər:





Xəbər lenti