Sumqayıtda ekoloji maarifləndirmə

Sumqayıtda ekoloji maarifləndirmə
  17 Avqust 2013    Oxunub:973
Yeni dərs ilindən başlayaraq “Avropa Tələbələr Forumu-Sumqayıt” (AEGEE-Sumqayıt) İctimai Birliyi ekoloji problemlərin həllində yeniyetmə və gənclərin iştirakı ilə bağlı Sumqayıtda yerləşən 20-yə yaxın orta məktəbdə maarifləndirmə işləri həyata keçirəcək.
Birliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, maarifləndirmə işlərini həyata keçirməkdə əsas məqsəd ekologiyanın qorunmasına yeniyetmələrin diqqətini cəlb etmək və bu məsələdə onların iştirakını təmin etməklə məsuliyyət hissini artırmaqdır. Maarifləndirmə işləri Ekoloji Şəbəkə işçi qrupu tərəfindən aparılacaq.

Ekoloji Şəbəkə may ayında keçirilən “Gənclərin Ekoloji Yaz Düşərgəsi” layihəsinin seçilmiş üzvlərindən ibarət heyətdən yaradılıb. Sözügedən layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır. Təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 20.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. “Avropa Tələbələr Forumu-Sumqayıt” (AEGEE-Sumqayıt) İctimai Birliyi həmin Assosiasiyasının Sumqayıt şəhərində nümayəndəliyidir və 23 aprel 2009-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi Azərbaycan və Avropa gəncləri arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına kömək etməkdir.

İctimai Birlik yerli və beynəlxalq səviyyədə tələbə və gənclər üçün layihələr təşkil edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır.


Teqlər:





Xəbər lenti