Ərdoğan Avropadan üz döndərib, Putini seçdi - ŞƏRH

Ərdoğan Avropadan üz döndərib, Putini seçdi - ŞƏRH
  29 Noyabr 2016    Oxunub:3139
Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələri müvəqqəti olaraq dondurulması regionda siyasi dəngələri dəyişdi. Siyasi analitiklər hesab edirlər ki, AP-nin bu qərarından sonra Türkiyə-Rusiya əlaqələri möhkəmləcək. Hətta qardaş ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağı da istisna edilmir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Avropa Parlamenti tərəfindən verilən qərar Türkiyə-Avropa İttifaqı münasibətlərində böhrana səbəb ola bilər.

Politoloqun fikrincə, 15 iyul qiyamından sonra Avropa İttifaqının sərgilədiyi mövqe Türkiyənin ürəyincə deyildi. Bu səbəbdən münasibətlərdə qırılma müşahidə olunurdu: “Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) iqtidara gələn zaman Avropa İttifaqı ilə sıx əlaqələr qurdu və Türkiyənin Avropa İttifaqına üzvlüyü üçün danışıqlar sürətləndi. Hətta belə bir gözlənti var idi ki, yaxın müddətdə Türkiyə birliyə qəbul olunacaq. Avropa İttifaqının Ərdoğana isti münasibəti hiss olunacaq səviyyədə idi. İllər ötdükdən sonra birliyin Ərdoğana qarşı münasibəti dəyişdi. Eyni zamanda Ərdoğan Türkiyə daxilində iqtidarını gücləndirdi və müəyyən addımlar atdı ki, bunlar Avropa İttifaqının xoşuna gəlmədi. 15 iyul çevrilişə cəhddən sonra Avropa İttifaqının tutduğu mövqe Ərdoğanı və hökumətini narazı saldı. Çünki, Avropa İttifaqı anındaca qiyamçılara qarşı sərt bəyanat vermədilər. Eynilə birlik ondan narazı qaldı ki, çevrilişə cəhddən sonra həbslərin miqyası geşiləndi, mətbuat orqanları nəzarətə alındı, jurnalistlər həbs olundu. Yəni, 12-13 il bundan öncə yaranmağa başlanan isti münasibətlər, görüşlər, gülümsəmələr sərt bəyanatlarla əvəz olundu.

Sonda Avropa Parlamenti belə bir qərar qəbul etdi. Hətta bu qərardan öncə Ərdoğan belə bir fikir ortaya atdı ki, onlar bizi 50 ildir qapı kənarında gözlətdirirlər, Böyük Britaniya referendum yolu ilə Avropa İttifaqını tərk etdi. Ona görə biz də referendum keçirək və insanlardan soruşaq ki, danışıqlar aparaq, yoxsa aparmayaq? Düşünürəm ki, Avropa Parlamentinin qərarı Ərdoğanın referendumla bağlı fikrini daha da möhkəmləndirə bilər. Doğrudur, Avropa Parlamentinin qərarının hüquqi yükü yoxdur və Brüsseli məcbur edə bilməz ki, Türkiyə ilə danışıqları mütləq mənada dayandırsın. Amma, siyasi çəkisi var və Avropanın icra orqanları bu qərarla hesablaşmalıdır.
Hesab edirəm ki, Türkiyə-Avropa İttifaqı münasibətləri soyuqlaşma dövrünə qədəm qoyub. Hətta mümkündür ki, Ərdoğan referendum məsələsini gündəmə gətirsin. Çünki, aparılan rəy sorğularına görə, 10-15 il öncə Türkiyə vətəndaşlarının 70-80 faizi Avropa İttifaqına rəğbətlə yanaşırdısa, üzvlükdən yana olduğunu vurğulayırdısa, hazırda bur rəqəm 20-25 faizə düşüb”.



Politoloq vurğulayıb ki, hazırda Ərdoğanın özü də Aİ-dən soyuyub və qeyd olunan səbəblərə görə, münasibətləri dayandıra bilər: “Doğrudur, Avropa İttifaqı deyir ki, danışıqlar müvəqqəti olaraq dayandırılıb. Qeyri-rəsmi söhbətlərdə deyirlər ki, Ərdoğanla danışıqlar apara bilməzlər, yalnız ondan sonra gələcək hökumətlə yenidən təmas qurulacaq. Amma, heç kimdə inam yoxdur ki, Ərdoğan gedib, başqa biri iqtidara gəlsə, hətta liberal görüşlü şəxs baş nazir və ya prezident olsa, Avropa İttifaqı Türkiyə ilə danışıqları bərpa edəcək. 50 il ərzində Türkiyədə müxtəlif liderlər olub. Nədən bu illər ərzində Türkiyə birliyə qəbul olunmadı? Sadəcə, Brüsselin Türkiyənin ittifaqa üzvlüyündə marağı yoxdur. Qorxur ki, Türkiyə üzv olsa, böyük bir çəkiyə malik olacaq. İnsani, maliyyə, hərbi resursları Avropa İttifaqında aparıcı rol oynayacaq. Bunu isə ittifaqın “paxıl” dövlətləri istəmir. Ona görə də danışıqlar dayandırılıb”.

AP-nın qərarına alternativ olaraq Ərdoğan hansı addımları ata bilər sualına politoloqun cavabı belədir: “Son zamanlar Ərdoğan Rusiya ilə münasibətləri normallaşdırandan sonra bəzi fikirlər irəli sürüb ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına, Avrasiya İttifaqına üzv ola bilər. Məlum qərardan sonra rusiyalı siyasətçilər açıq şəkildə deyirlər ki, Avropa Parlamentinin Türkiyə əleyhinə olan bu qərarı Türkiyə və Rusiyanı bir-birinə daha da yaxınlaşdırır. Mümkündür ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olsun. Bu, Rusiyanın, Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Çinin maraqlarına cavab verir. Amma, Avrasiya Birliyi problematikdir. Orada Türkiyənin diplomatik əlaqələri olmayan Ermənistan var. İnandırıcı deyil ki, bu quruma üzvlüklə bağlı Türkiyə hansısa, ciddi addım atsın. Ümumilikdə isə Avrasiya Birliyi ciddi qurum deyil. Çünki, Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada şikayətlənir ki, mallarımız Rusiya sərhəddində müxtəlif adlarla saxlanılır. O, sual edir ki, bu necə ortaq bazardır ki, Belarus malları Rusiya bazarına çıxa bilmir. İki strateji müttəiq arasında belə problemlər yaşanırsa, başqa dövlətlər üçün necə olacaq? Hesab edirəm ki, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü yaxın müddətdə aktuallaşa bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti