İlham Əliyev Qaxa gedib-FOTOLAR

  17 Avqust 2013    Oxunub : 406
İlham Əliyev Qaxa gedib-FOTOLAR
Səfər çərçivəsində prezident bir sıra obyektlərin açılışında iştirak edib
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfər edib. AzVision.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Daha sonra prezident Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. `Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnib. Bütün bunlar isə, ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter alıb. Bu sırada Qax Olimpiya İdman Kompleksi də mühüm əhəmiyyəti ilə seçilir. Regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var`.

Sonra dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılıb.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırıb.

Məlumat verilib ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar vardır. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılmışdır. Universal idman zalının döşəməsinə Danimarkanın "Junkers" firmasının istehsalı olan xüsusi döşəmə salınıb. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılıb. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları var.

Diqqətə çatdırılıb ki, kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.

Məlumat verilib ki, kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilib. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilib, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları var.

Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb..

Rayon idmançıları adından çıxış edən 2010-cu ildə Ukraynada keçirilən çoxmübarizəli döyüş növləri üzrə dünya çempionatının qalibi Ramil Məmmədli Azərbaycan idmanın inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Həmçinin dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində, “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak edib.

AzVision.az

Foto


Teqlər: