`İbrahimbəyov oyunu` başa çatır

`İbrahimbəyov oyunu` başa çatır
  17 Avqust 2013    Oxunub:1077
Milli Şura sədrinin Bakıdan edilən zənglərə cavab verməməsinin sirri; Kinodramaturq hesab edir ki, silahdaşları onu tənqidlərdən yaxşı qoruya bilmirlər; hələ üstəlik özləri də tənqid yazırlar

Son 3-4 gündə Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovdan hər hansı açıqlama, müsahibə almaq media üçün müşkülə çevrilib. Rüstəm İbrahimbəyov ya zənglərə cavab vermir, ya da ona müraciət edən jurnalistlərə vaxtının olmadığını deyib telefonu qapadır. Yalnız dünən axşam saatlarında “media forum” saytı ondan qısa bir açıqlama ala bilib. Cənab İbrahimbəyov həvəssiz halda, həm də konkret danışıb. O bildirib ki, Rusiya vətəndaşlığından çıxmaq müraciətinə cavab verilməyib: “Hələlik yeni informasiya yoxdur. Cavab gözləyirəm. Məsələni tez bir zamanda həll etmək üçün cəhdlərimi davam etdirirəm”. O deyib ki, mitinqdə səsləndirmək üçün müraciət göndərəcək.

Əldə etdiyimiz informasiyaya görə, görkəmli dramaturq bu təmasları məhdudlaşdırmağı təkcə media əməkdaşlarına qarşı sərgiləmir. Milli Şuranın rəhbərliyindəki şəxslərin də son günlər İbrahimbəyovla əlaqə yaratması mümkün olmur. O, hətta az qala gündə bir neçə dəfə telefonla danışdığı silahdaşlarının belə son günlər zənglərinə könülsüz cavab verir ya da heç cavab vermir. Araşdırmamız zamanı xəbər əldə etdik ki, İbrahimbəyovun bu davranışı Milli Şuranın rəhbərliyindəki özünə yaxın olan bir sıra şəxslərdən küsməsi və onlara əsəbiləşməsi ilə bağlıdır. Mənbənin dediyinə görə, Rüstəm müəllim son vaxtlar mediada ona qarşı tənqidlərə Milli Şura rəhbərliyinin susqunluq nümayiş etdirməsi və hətta bəzi Milli Şura rəhbərliyinə daxil olan adamların da bu tənqidlərə qoşulmasından incik düşüb. İncidiyini və narazı qaldığını Bakıdakı həmkarlarından birinə çatdırıb.

Əldə etdiyimiz xəbərdə deyilir ki, İbrahimbəyov bu yaxınlarda Milli Şuranın rəhbərliyindəki bir neçə şəxsə əsəbi şəkildə “Bəs mənə deyirdiniz ki, təki sən Milli Şuranın sədri və vahid namizədi ol. Bundan sonrasını ayaq üstə gözləyən xalq həll edəcək”, - deyə, narazılığını ifadə edib. Məhz bu narazılığını dilə gətirdikdən sonra onun Bakıdan zənglərə cavab vermədiyi xüsusi vurğulanır.

Bu günlərdə isə sosial şəbəkədə Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun adından yayılmış bir ifadə müzakirələrə, şərhlərə səbəb olub. Həmin ifadə bundan ibarətdir: “Vaxtım yoxdur, montajla məşğulam”.
Vahid namizəddən ölkəyə dönməyi və seçki kampaniyasına rəhbərlik etməyi gözləyən siyasi fəallar bu ifadəni müxtəlif yozumlara məruz qoyublar.

Vahid namizədin “montajla məşğul olması”na dair ifadə məşhurlaşandan sonra onun ikinci müəllifi, cümləni müsahibindən alan jurnalist də meydana çıxmağı lazım bilib. Bu, minval.az saytının rəhbəri İlkin Qəmbərdir. Jurnalist bu barədə yazdığı qeyd də bildirir ki, “indi vaxtım yoxdur, montajla məşğulam” ifadəsini R.İbrahimbəyov ilk olaraq iki gün öncə minval.az-ın əməkdaşına deyib, ancaq sayt rəhbərliyi bəzi siyasi mülahizələri əsas götürərək onu ictimailəşdirmək istəməyib".
Kinorejissorun film montajı ilə məşğul olmasında əslində qeyri-adi heç nə yoxdur. Rüstəm İbrahimbəyovun montajla məşğul olması ona görə söz-söhbətə, səbəb olub və qeyri-adi qarşılanıb ki, indiki halda Rüstəm İbrahimbəyov Milli Şuranın sədri və prezidentliyə namizədidir. Prezident seçkisinə az qalır, namizədlərin irəli sürülməsi üçün ayrılan vaxt daralır, Milli Şuranın mitinqi gündəmdədir. Belə bir vaxtda Milli Şuranın sədri və vahid namizədinin film montajı ilə məşğul olması təbii ki, qəribə qarşılanır.

Milli Şuranın rəhbərliyində təmsil olunan kinorejissor Eldəniz Quliyev isə Rüstəm İbrahimbəyovun film montajı ilə məşğul olmasını normal qarşılamağı təklif etdi: “Rüstəm müəllim dünyaca məşhur kinodramaturqdur. O iş Rüstəm müəllimin peşəsidir. Bunu normal qarşılamaq lazımdır”.
“Bəs, Rüstəm müəllimin hazırda montajı üzərində işlədiyi filmin adı nədir” sualına E.Quliyev belə cavab verdi: “Rüstəm İbrahimbəyovun xeyli vaxtdır Avropa və Amerika ilə müştərək bir neçə projeləri var və onun üzərində işləyir. Bu, onun sənətidir və mütəmadi olaraq film çəkilişləri ilə məşğuldur. İndi də məşğuldur”.
E.Quliyev Milli Şura sədrinin telefon zənglərinə əvvəlki intensivliklə cavab verməməsinin səbəbini İbrahimbəyovdan soruşmağı məsləhət gördü.

Başqa bir mənbə isə “Yeni Müsavat”a deyib ki, əslində İbrahimbəyov oyunun sonuna gəlib. Onun daha deyəcək sözü, vədi qalmayıb. Rusiya iqtidarı onunla bağlı olan siyasi layihəni bağlayıb. Bununla da həm Rüstəm müəllimin özünü, həm də ona qoşulan müxalifəti pis vəziyyətdə qoyub. Ona görə də artıq kontakta həvəssiz çıxır. Həmin mənbəmiz iddia edir ki, bu, xüsusi bir əməliyyat idi, nəticələri də ortadadır.

Qeyd edək ki, Eldar Namazov 19 avqust sessiyasına qədər Moskvaya gedib - gəlməli, orada R. İbrahimbəyovla məsləhətləşməli idi. Onun bu səfəri təxirə düşsə, bu o deməkdir ki, artıq cənab İbrahimbəyov Bakıdakı ən yaxın adamları ilə də təmasa çıxmayacaq.(Yeni Müsavat )


Teqlər:  





Xəbər lenti