Milli Şurada hərənin öz namizədi var

Milli Şurada hərənin öz namizədi var
  17 Avqust 2013    Oxunub:1207
Milli Şuranın sədri, prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv edilməsinin ləngiməsi ucbatından seçkiyə qatıla bilməməsi bu qurumu yeni isimlər üzərinə yönəlmək məcburiyyətində qoyub. Belə ki, hazırda Milli Şuranın bütün üzvlərinin qəbul edə biləcəyi prezidentliyə yeni vahid namizədin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin intensivləşdiyi ilə bağlı məlumatlar gəlməkdədir.

Ötən sessiyadan da məlum olduğuna görə, Milli Şuranın yeni vahid namizədi kimi bir neçə nəfərin adı çəkilir. Həmin şəxslərin sırasındasa, qurumun xanım üzvü Gültəkin Hacıbəylinin adı da var.

Bu məsələ ilə bağlı fikirlərini aldığımız sabiq millət vəkili, Müsavat Partiyasının Divan üzvü İkram İsrafil Gültəkin Haçıbəylinin Milli Şuranın prezidentliyə vahid namizədi ola biləcəyini qətiyyən istisna etmədi. Və hətta vurğuladı ki, qurum üzvlərinin məhz Gültəkin xanımın üzərində qərar tutmasıyla bağlı ehtimal kifayət qədər yüksəkdir: “Bu fikir yalnız bir siyasi partiya təmsilçilərinə aid deyil. Hazırda bu məsələ müsavatçılar, cəbhəçilər, eləcə də Milli Şurada təmsil olunan digər partiya və qurumların ayrı-ayrı təmsilçiləri arasında geniş şəkildə müzakirə edilməkdədir. Müzakirələrdə gəlinən əsas qənaət ondan ibarətdir ki, əgər, Rüstəm İbrahimbəyovun prezident seçkilərinə qatılması məlum səbəblərdən mümkün olmayacaqsa, onda, Milli Şura üzvlərinin hamısının qəbul edə biləcəyi bitərəf bir şəxsin üzərində dayanmaq lazımdır. Məlumdur ki, belə namizədlərdən olan Rafiq Əliyev və Cəmil Həsənli seçkilərə qatılmaq fikrində olmadıqlarını artıq vurğulayıblar. Belə şəraitdəsə, daha bir bitərəf siyasətçi kimi Gültəkin Hacıbəyli kifayət qədər uğurlu variant kimi ön plana keçmiş olur”.

İkram İsrafil Milli Şuranın sessiyasında müzakirə ediləcəyi təqdirdə, Gültəkin Hacıbəylinin prezidentliyə vahid namizədliyinə hər hansı ciddi etirazın ola biləcəyini düşünmür: “Rüstəm İbrahimbəyovun Gültəkin Hacıbəylini dəstəkləyə biləcəyinə şübhə etmirəm. Rüstəm İbrahimbəyovun Milli Şuraya hamının ümumi dəstəyi ilə sədr seçildiyini nəzərə aldıqda, onun Gültəkin Hacıbəylinin namizədliyi ilə bağlı verəcəyi mesajın böyük önəm daşıdığı şübhə doğurmur. Belə bir mesaj Milli Şuranın yolun davamına Gültəkin Hacıbəylinin namizədliyi ilə davam edilməsini təmin edə bilər. Çünki mənim ilkin qənaətim belədir ki, müsavatçılar da, cəbhəçilər də, Ziyalılar Forumu da, EL Hərəkatı və Eldar Namazov da, Lalə-Şövkət də Gültəkin xanımın vahid namizədliyində ortaq mövqe nümayiş etdirə bilərlər. İnanıram ki, Milli Şurada bütün siyasi qüvvələr Gültəkin Hacıbəylinin prezidentliyə namizədliyinə dəstək verəcəklər”.(Yeni Müsavat )


Teqlər:  





Xəbər lenti