OPEC-in qərarı nefti nə qədər bahalaşdıracaq? – TƏHLİL

OPEC-in qərarı nefti nə qədər bahalaşdıracaq? – TƏHLİL
  01 Dekabr 2016    Oxunub:10678
Nəhayət ki, Neft İxrac edən Ölkələr Təşkilatı, yəni qısa desək, OPEC üzvləri qurumun noyabrın 30-da Vyanada keçirilən görüşündə bütün üzv ölkələr üzrə ümumi neft hasilatını sutkalıq 1,2 milyon barel həcmində azaltmaq barədə qərara gələ biliblər. Bu, 2008-ci ildən bəri kartel üzrə ilk belə yekdil razılaşmadır. Düz, nə az və nə çox – 8 ildən sonra...

Əslində, bu barədə 1 ay öncə Əlcəzairdə keçirilən görüşdə də razılığa gəlinmişdi. Lakin yekun qərarın və ölkələr üzrə kvotaların müəyyən edilməsi mexanizminin 1 ay sonra, yəni noyabrın 30-da Vyanada keçiriləcək toplantıda təsdiqlənəcəyi bildirilmişdi. Qərar KİV-də elan olunan kimi neftin 1 barelinin qiyməti yüksələrək 52 dolları keçib.

Beləliklə, çox maraqlı və olduqca təqdirəlayiq haldır ki, bir neçə həftədir Səudiyyə Ərəbistanı, İrak və İran arasında gedən danışıqlar bəhrəsini verdi. Çünki Vyana görüşündə xüsusən, Səudiyyə Ərəbistanı ilə İran arasında ziddiyyətlər ucbatından yekdil qərara gəlinəcəyi gözlənilmirdi.

Əlcəzair görüşünün nəticələrinə dair yazdığım şərhdə də qeyd etmişdim ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər elədir ki, onların ortaq məxrəcə gəlmələri heç bir halda mümkün görünmür. Ona görə ki, biri bazara uzunmüddətli fasilədən sonra yenicə girir və ən azı öz köhnə mövqelərini bərpa etməyə çalışır, digəri isə bazarda söz sahibidir.

Odur ki, güman edilir, Səudiyyə Ərəbistanı müəyyən mənada güzəştə gedib. Bu da onun real iqtisadi durumu ilə bağlıdır. Belə ki, əldə olunan xəbərlərə görə də güzəşt məhz ondan ibarət olub ki, Səudiyyə Ərəbistanı istisna olaraq yeganə Tehran tərəfinin gündəlik hasilatı 3,9 milyon/barel artıra biləcəyi ilə razılaşıb. Bu da səbəbsiz deyil: Ər-Riyad maliyyə ehtiyatlarını itirə-itirə gedir.

Bəlkə də elə buna görə idi ki, bütün gözləntilərin əleyhinə olaraq, noyabrın 30-dakı Vyana görüşü ərəfəsində İraqın neft nümayəndəsi də anons etmişdi ki, bu dəfə hər halda yekdil razılığa gəlmək mümkün olacaq.

Hələlik isə məlum olan budur ki, hasilatın azaldılması 6 ay davam edəcək və buna xüsusi komitə nəzarət edəcək. Və hasilatın azaldılması qeyri-OPEC ölkələrinə də şamil olunacaq. Gündəlik 600 min barel həcmində…

Bəs, bu, qiymətləri çoxmu bahalaşdıracaq?!
Təkrar edirəm ki, hazırda neftin 1 bareli təxminən 51 dollardır...

Bəri başdan yazım ki, şübhəsiz, yox. Vyana görüşünə dair müsahibəmdə qeyd etmişəm ki, 2017-ci ilin əvvəlində neftin qiyməti 35 dollara qədər enə bilər. Düzdür, onu da əlavə etmişdim ki, bu müvəqqəti xarakter daşıyacaq və qiymət yenidən 40 dollar səviyyəsinə qalxacaq. Amma ümumən götürsək, 2017-ci il ərzində neftin orta qiyməti 44-45 dollar səviyyəsində olacaq, o səbəbdən ki, tələbin genişlənməsi ehtimalı yox dərəcəsindədir.

Ümumiyyətlə, OPEC-in sözügedən yekdil qərara gələcəyini gözləmirdim. Lakin görünür, bu, necə deyərlər, son şans idi.

Ancaq, burada bir nüans da var. O da bundan ibarətdir ki, ABŞ-da Federal Ehtiyat Sisteminin (FES) dekabrda keçirəcəyi iclasında faiz dərəcəsini artırılacağı ehtimalı xeyli müddətdir müzakirə olunur. Bu isə neftin dünya bazar qiymətlərinə təsir etmək baxımından ABŞ-ın əlində ən ümdə vasitə və alətlərdən biridir. Yəni, söhbət, dolların kursundan gedir. Belə ki, FES baza faiz dərəcəsini artıran kimi, dollar möhkəmlənir. Bu isə avtomotik olaraq neftin qiymətini aşağı salır.

Odur ki, OPEC əgər, sözügedən Vyana görüşündə də heç bir qərar qəbul etməzdisə, bunun təkcə psixoloji təsiri nefti dərhal ucuzlaşdıracaq idi. Üstəlik FES də dekabrda keçirəcəyi iclasda faiz dərəcəsini artırarsa, nəzərə alınmalı idi ki, neft daha kəskin ucuzlaşmalı idi. Bu isə ABŞ başda olmaqla, bütün dünya iqtisadiyyatı üçün sərfəli deyil.

Belə ki, bu gün istər neft ixracçısı, istərsə də idxalçısı olan ölkələr üçün 40-45 dollar ən minimal qiymət səviyyəsi sayılır. Təkcə bir cəhəti qeyd edim ki, bundan aşağı qiymət ABŞ-da şist sənayesi üçün də “bankrot” deməkdir. Odur ki, güman edirəm, OPEC-in qərarında ABŞ-ın da razılığı olub! Bu isə o deməkdir ki, FES faiz dərəcəsini 99% etimalla qaldıracaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti