119 ton kənd təsərrüfatı məhsulu ölkəyə buraxılmadı

119 ton kənd təsərrüfatı məhsulu ölkəyə buraxılmadı
  17 Avqust 2013    Oxunub:980
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,bu ilin yanvar-iyul ayları ərzində ümumilikdə 119 ton kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib.

Həmin mallar üzərində istehlak tarixinin olmaması, istehlak müddətinin bitməsi, mənşəyinin məlum olmaması, keyfiyyətsiz və ya xarab olması, əmtəə görünüşünün pozulması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi hallara görə buraxılmayıb. Hesabat dövrü ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılan ümumi çəkisi 11 tondan artıq məhsul isə yuxarıda qeyd olunan səbəblər əsas götürülərək ayrı-ayrı vaxtlarda məhvetmə komissiyası tərəfindən məhv olunub.

Avqust ayının 7-də müxtəlif səbəblərdən saxlanılaraq gömrük orqanlarının müvəqqəti saxlanc anbarlarında yığılıb qalmış digər malların da yandırma üsulu ilə məhv olunması həyata keçirilib. Kütləvi informasiya vasitələrinin iştirakı ilə məhv edilən ərzaq və qida məhsulları 28 adda müxtəlif markalı şokolad, konfet, biskvit, meyvə sirkəsi, texniki spirt, limon suyu, bal, duz, balıq konservası və sairdən ibarət olub. Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında daha çox uşaqlar üçün nəzərdə tutulan qidalar - meyvə şirələri, sərinləşdirici və enerji içkiləri, “kukuruz”, “çips”, şirni və sair üstünlük təşkil edib.

İqtisadi təhlükəsizliyin, ictimai asayişin, milli-mənəvi dəyərlərin, intellektual mülkiyyət obyektlərinin, ətraf mühitin və istehlakçıların mənafeyinin qorunması tədbirləri nəticəsində gömrük sahəsində hüquqpozma predmeti olmuş mallar da həmin gün yandırılaraq məhv edilib. Bu istiqamətdə saxlanılan mallar əsasən beşbarmaq, bıçaq, qılınc, oyuncaq tapança, partlayıcı, fişəng, eləcə də digər pirotexniki vasitələr, çətənə toxumu və sairdən ibarət olub. Həmçinin, əxlaq normalarına zidd 186 CD, 3 adda 156 ədəd Ermənistan Respublikasına aid müxtəlif əşyalar da yandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti