Almaniyada ağalıq edən erməni mafiyası – ARAŞDIRMA

Almaniyada ağalıq edən erməni mafiyası – ARAŞDIRMA
  02 Dekabr 2016    Oxunub:8185
Bir gün əvvəl Los-Ancelesdə Hollivud ulduzlarının yaşadığı kompleksdə 35 yaşlı erməni mafiya liderinin meyiti tapılıb. Bu fakt bir daha təsdiqləyir ki, dünyanın müxtəlif ölkələrində şəbəkələşmiş erməni kriminalı fəaliyyət göstərməkdədir. Belə ölkələrdən biri də Almaniyadır.

Almaniyanın müxtəlif şəhər və əyalətlərində şəbəkə halında erməni mafiya dəstələrinin, ailə klanlarının ağalıq etdiyi bilinir. Türingen əyalətindəki erməni mafiyasının Berlin, Leypsiq, Yena, Erfurt və Halle şəhərlərində formalaşmış şəbəkələri var. Almaniyanın nüfuzli KİV-lərinin məlumatlarında qeyd olunur ki, Erfurt şəhərində qısa qara gödəkcə geyinən "Hells Angels" adlı erməni mafiya dəstələri digər fərqli adda olan mafiya qrupları ilə əlaqəli şəkildə çalışırlar.

Türingen federal əyalət hökumətinin açıqladığı bilgilərə görə, həmin erməni qrupları əsasən narkotika satışı, avtomobil ticarəti və fahişəxanalardan qazanc əldə edirlər. 2014-cü ilin iyul ayında Almaniyanın Erfurt şəhərində iki erməni cinayətkar qrupu arasında 2 nəfərin ölümü ilə bitən silahlı atışma baş vermişdi. İnsident iki erməni cinayətkar şəbəkəsinin daim toplaşdığı sevimli məkanlarının birində yaşanıb. Erməni klanları arasında ağalıq uğurunda baş vermiş həmin qanlı hadisə ilə əlaqədar başladılan böyük bir məhkəmə prosesinin sonunda 10 nəfər erməni həbs olunmuşdu.

Mərkəzi Almaniyanın Türingen əyalətinin Erfurt şəhərində ermənilərə məxsus "Jocker", "Black Jackett" və "United Tribuns" kimi müxtəlif adlar altında başqa-başqa erməni mafiya qrupları da hökmranlıq etməkdədirlər. Təxminən 2010-cu ildən formalaşan erməni cinayətkar dəstələrə aid bir mafiya üzvü 2014-cü ildə İtaliyada 124 min avro (narkotik satışı və insan alverindən əldə olunmuş vəsait) ilə həbs olunmuşdu.



Almaniyalı jurnalistlər Aksel Hemmerlinq və Lüdviq Kendziya erməni mafiyasını dərindən araşdırıblar. Onlar qrupların məkan transformasiyasına diqqət çəkərək bildirirlər ki, erməni kriminalı qapalı formada Türingen əyalətinin digər yerlərindən yığışdıraraq, Erfurtda mərkəzləşməyə başlayıb.

Almaniya Federal Cinayət İdarəsi tərəfindən erməni mafiya qruplarına qarşı minlərlə cinayət işi açılıb. Təqribən 6 il bundan öncə Türingen əyalətinin daxili işlər rəsmiləri erməni mafiyasına qarşı narkotik maddələrin satışı maddəsilə cinayət işi başlatmışdı. Rəsmi qurumlar cinayətləri sübut etmək üçün erməni klanlarına məxsus düz 70 min telefon danışığını dinləyiblər. Nəticədə bəlli olub ki, mafiyanın külli miqdarda maliyyə ehtiyatları var.

Almaniya daxili işlər orqanı rəsmilərinin telefon söhbətlərini dinləməsi zamanı o da məlum olub ki, erməni mafiya qrupları həmin maliyyə imkanları sayəsində Monakoda hotel, məşhur “Formula-1” trasslarından birini və Köln şəhərində investisiya həcmi milyon dollarla ölçülən daşınmaz əmlak almağı planlaşdırıblar.



Almaniyanın mərkəzi şəhərlərində fəaliyyət göstərən bütün erməni qruplarının başında B.Hovan adlı erməni durur. Sənədli film xarakterli jurnalist araşdırmalarında vurğulanır ki, erməni təşkilatları dünyada nəhəng şəbəkəyə malikdirlər və Almaniya qanadı onun sadəcə kiçik bir hissəsidir. Almaniyadan başqa, Fransa, Belçika, Hollandiya və Çexiya kimi ölkələrdə də güclü erməni mafiyası strukturlaşıb.

Almaniya daxili işlər orqanı, həmçinin əyalət məclisi (Landtaq) də mövcud durumdan bərk narahatlıq keçirdiyini bəyan edib. Belə ki, 2015-ci ilin 19 noyabr tarixində Landtaqda keçirilən müzakirələr zamanı Türingen əyaləti daxili işlər naziri Holqer Popenhenqer və hakim Xristian Demokratlar Birliyi partiyası erməni mafiyasının özbaşına fəaliyyətinə, cinayətlərinə, narkotik maddələrin geniş həcmdə satışını təşkil etdiklərinə qarşı ciddi mübarizə aparılmasını tələb ediblər.

Almaniyanın "AfD" (Almaniya üçün Alternativ) partiyasının Türingen əyalət fraksiyasının rəhbəri Ştefan Möller bildirib ki, həmin bölgə erməni mafiyası üçün vacib məkan imicinə malikdir.

Hazırda Almaniyanın daxili işlər orqanları, hüquq-mühafizə qrumları erməni mafiya qruplarının, ailə klanlarının cinayətkar əməllərini araşdırmaqla məşğuldur. Aparılan araşdırmalar nəticəsində erməni mafiyasının insan alverindən, narkotik maddələrin satışından, eləcə də avtomobil ticarətindən böyük həcmdə maliyyə topladığı üzə çıxıb.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti