Tramp da Obamanın yolunu gedəcək - Siyasi şərh

Tramp da Obamanın yolunu gedəcək - Siyasi şərh
  03 Dekabr 2016    Oxunub:5055
ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsi imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.
ABŞ Nümayəndələr Palatası noyabrın 16-da İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib.

İranın ali dini lideri Əli Xamenei isə bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaların müddətini daha 10 il artırması nüvə razılaşmasının pozulması anlamına gəlir.

“Hazırkı ABŞ hakimiyyəti dəfələrlə nüvə proqramı üzrə razılaşmanı pozub. Sonuncu dəfə onlar sanksiyaları 10 il müddətinə uzatdılar. Əgər onlar bunu etsələr, nüvə razılaşması birgə hərəkət planına zidd olacaq. İran cavab tədbirləri görəcək”, - deyə Xamenei bildirib.

İrana qarşı sanksiyaların artırılması ABŞ-ın Yaxın Şərq siyasətinə necə təsir edəcək?



Politoloq Zərdüşt Əlizadə hesab edir ki, sanksiya qərarı ABŞ-ın qeyri-ciddi dövlət imicinin təsdiqidir: “ABŞ Senatı belə qərar qəbul edibsə, deməli, bu, ölkənin etibarsız tərəf müqabili olduğunu təsdiqləyir. ABŞ-la hər hansı bir razılaşmaya getməyin eəhəmiyyəti yoxdur. Çünki, ABŞ hər an belə razılaşmları pozmağa hazırdır. Bir sözlə, Senatın İranla bağlı verdiyi qərar beynəlxalq aləmdə ABŞ-a etimadın azalması prosesinin növbəti mərhələsidir.

İkinci, 1979-cu ildən İran sanksiyalar altındadır. İran nə etdi? Ağ bayraq qaldırdı? Xeyr. Hazırda bu ölkə öz siyasətini davam etdirir və qarşılıqlı hörmət əsasında mövqeləri uyğunlaşdırmağa çalışır. Nüvə razılaşması bu uyğunlaşdırmanın təzahürü idi. İran Qərbin əsassız qorxularını neytrallaşdırmaq üçün müəyyən öhdəliklər götürdü və addımlar atdı. Qərb isə özünün süni sanksiyalarını ləğv etməyə başladı. Əgər ABŞ verdiyi qərardan geri çəkilirsə, İranın qarşısında seçimlər dayanır. İran yenidən nüvə proqramının icrasına başlaya bilər”.

Politoloq qeyd edib ki, bu qərar ABŞ-ın Yaxın Şərq siyasətinin dəyişməyəcəyini göstərir: “ABŞ Yaxın Şərqi əsarətdə saxlamaq, onun təbii sərvətlərini əldə saxlamaq niyyətindədir. ABŞ heç vaxt istəmir ki, müsəlman dünyası güclü olsun. Ona görə də hesab edirəm ki, ABŞ-ın Yaxın Şərq siyasətində heç bir dəyişiklik olmayacaq”.



Millət vəkili Sahib Alıyevin fikrincə, yaxın gələcəkdə ABŞ-ın Yaxın Şərq siyasətində heç bir dəyişiklik olmayacaq: “ABŞ Konqresinin Suriyaya qarşı yeni sanksiyalarının ardından Senat İrana tətbiq edilən sanksiyaları daha 10 il uzadıb. Bu isə o deməkdir ki, yaxın 10 ildə ABŞ-ın Yaxın Şərq siyasəti elə də dəyişməyəcək”.



Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, ABŞ-ın İrana qarşı sanksiyaları uzatması Tramp administrasiyasının hazırkı Yaxın Şərq siyasətini davam edəcəyini göstərir: “Bu paralel olan məsələdir. Bu gün İran Suriyaya kömək edir. ABŞ isə İrana qarşı sanksiyaların müddətini daha 10 il müddətinə artırıb. Bu, o deməkdir ki, biz ABŞ-ın Suriya, İraq, İran, ümumilikdə isə Yaxın Şərqdə yürütdüyü siyasətdə ciddi dəyişikliyin şahidi olmayacağıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti