Zakir Qaralov vətəndaşlarla görüşüb
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların yerlərdə qəbulu ilə bağlı təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 2013-cü il avqustun 16-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edib..
Qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad edib. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı Baş prokuror vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilib.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
AzVision.az