Məmmədyarov Kuba səfiri ilə görüşdü

Məmmədyarov Kuba səfiri ilə görüşdü
  05 Dekabr 2016    Oxunub:1733
Xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. Nazir Elmar Məmmədyarov Alfredo Fidel Nieves Portuondonun Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Alfredo Fidel Nieves Portuondo iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.

Elmar Məmmədyarov Kuba inqilabının lideri Fidel Kastro Ruzun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verdi.

Görüşdə Azərbaycan və Kuba arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət, mədəniyyətç turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açan Nazir Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısına ev sahibliyi edəcəyini qeyd edərək, QH-nın fəal üzvlərindən biri kimi Kuba ilə bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını diqqətə çəkdi.

Səfir BMT çərçivəsində Kubanın mövqeyini davamlı şəkildə dəstəklədiyinə görə Azərbaycana təşəkkür etdi.

Nazir Elmar Məmmədyarov Kubanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin təqdir edildiyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti