`İbrahimbəyov, qərar ver`
Sizin Rusiya vətəndaşlığından çıxmaq və namizəd olaraq seçkiyə qatılmaq üçün apardığınızı fədakar mübarizənizi yüksək qiymətləndirir, bunu bütün maneələrə və təzyiqlərə rəğmən geri çəkilməməyinizin, təşkilatımız və bütövlükdə xalqımız qarşısında öz məsuliyyətinizi dərk etməyinizin əlaməti kimi qəbul edirik. Buna rəğmən, Milli Şuranın və cəmiyyətimizin gələcək taleyinin hansısa formal sənədlərin əldə edilməsi uğrunda sizin, demək olar ki, təkbaşına apardığınız mübarizənin nəticəsindən asılı vəziyyətə düşməsi bizi narahat edir. Xüsusən həmin formal sənədlərin verilməsinin Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulmasında maraqlı olmayan Putin rejiminin iradəsindən asılı olması bu narahatçılığı daha da artırır.
Biz qarşıdan gələn seçkilərə növbəti bir şans kimi baxırıq. Biz bu şansın şəxsi münasibətlərə, o cümlədən bizim və başqalarının sizin personanıza olan rəğbətinə qurban verilməsinin qəti əleyhinəyik və əminəm ki, özünüz də bunu məqbul saymazsınız.
Hesab edirəm ki, təkcə müxalifətin vahid namizədi kimi yox, həm də Milli Şuranın sədri kimi üzərinizə böyük bir məsuliyyət götürən bir şəxs olaraq, siz təşkilatın bu böhrandan çıxması üçün fəal iş görməlisiniz. Bu mərhələdə Milli Şuranın hansısa partiyalar üçün destruktiv rəqabət meydanına çevrilməsinə, eləcə də özlərini sizin “yaxın ətrafınız” kimi aparan insanların bundan istifadə edərək hər bir alternativin əleyhinə gedərək çıxış yollarına dair qərarların qəbulunu dolayısı ilə sabotaj etməsinə imkan verməli deyilsiz.
Milli Şuranın son sessiyasında gəldiyim qənaət budur ki, təşkilatın bəzi üzvləri öz rəhbərlərindən müxalifəti boykota çəkmək tapşırığını aldıqları üçün, bəzi üzvləri isə vahid namizədin, yəni sizin “yaxın ətrafınız” kimi tanınmalarının, bunun sayəsində proseslərə rəhbərlik etmələrinin lyuksunu uzatmaq naminə müxalifətin bu dalandan vaxtında çıxmasına məqsədli şəkildə əngəl yaradırlar. Sizə vəziyyətin necə təqdim edilməsindən asılı olmayaraq, əmin olun ki, bu vəziyyətin aradan qaldırılması üçün son tarix avqustun 19-dur. Əgər avqustun 19-da Milli Şuranın sessiyasında daha bir tərəfsiz ziyalının prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar verilməyəcəksə, hakimiyyətin rəqibsiz, xalqın seçimsiz qalmasının məsuliyyəti Milli Şuranın üzərinə düşəcək.
Sizi bu sessiyayadək Milli Şurada mövqelərə təsir edə biləcək hər kəslə birbaşa danışıqlar aparmağa, avqustun 19-da ən optimal namizədin adını çəkərək müvafiq qərarın qəbuluna dəstək verməyə çağırıram. İnanıram ki, bu mərhələnin adlanılması üçün zəruri addımları atacaq, sonrakı mərhələdə isə ən azı Milli Şuranın sədri kimi öndə gedəcəksiniz.
Hörmətlə,
Mustafa Hacıbəyli, Milli Şuranın üzvü
AzVision.az