`Bu, artıq Fransanın daxili işi deyil` - Millət vəkili

`Bu, artıq Fransanın daxili işi deyil` - Millət vəkili
  07 Dekabr 2016    Oxunub:3876
Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq "arzuolunmaz şəxslər" siyahısına daxil edilir: "Qanun qanundur və hamıya da eyni cür şamil olunur".

Millət vəkili Sahib Alıyev isə qərarı şərh edərkən bildirib ki, hazırda Fransanın daxili siyasəti nə vəziyyətdədirisə, xarici siyasəti də o vəziyyətdədir, hətta daha da bərbaddır. Və Fransa Minsk qrupunun həmsədrlərindən biri olduğundan, bunun mənfi təsirini biz də öz üzərimizdə hiss edirik:

- Həmsədrlərin fəaliyyətini, daha dəqiqi fəaliyyətsizliklərini hər kəs görür, elə bu üzdən də Dağlıq Qarabağ probleminin həllində cüzi də olsa bir irəliləyiş yoxdur. Olmadığından da biz onların işindən razı deyilik. Fransa isə həmsədrlərin içinin ən passivi və regionda gedən proseslərə ən layqeyd yanaşanıdır ki, bu da məhz Ollandın prezidentliyi dövründə daha qabarıq nəzərə çarpır. İndi cənab Olland götürüb ermənipərəstliyi bir yana, Azərbaycan qanunlarına sayğısızlıq edən, rəsmi Bakının izni olmadan Dağlıq Qarabağa səfərə gedən, oradakı terrorçu və separatçı rejimi dəstəkləyən Bruno Le Runu daxili işlər naziri qoyub. Pardon, bu artıq Fransanın daxili işi deyil. Minsk qrupuna həmsədrlik edən bir dövlətdə erməni terrorizminə və separatçılığına açıq dəstək verən Bruno Le Ru kimi adam daxili işlər naziri təyin edilirsə, həmən dövlətin vasitəçiliyi təkcə şübhə altında qalmır. Onun vasitəçiliyə tam yararsızlığı üzə çıxmış olur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti