Zehni əməyin `qara bazarı`: Repetitorlarla nə etmək lazımdır – TƏHLİL

Zehni əməyin `qara bazarı`: Repetitorlarla nə etmək lazımdır – TƏHLİL
  07 Dekabr 2016    Oxunub:4664
Dövlət büdcəsinin gəlir mənbələri azaldıqca yeni mənbələrin axtarışı və yaxud, üzə çıxarılması təbii haldır. Lakin bu, birtərəfli qaydada həyata keçirilməli deyil. Əvvəla, hər hansı bir sahədə gəlir mənbələri var idisə və bundan istifadə olunmurdusa, ilk növbədə onun səbəbləri araşdırılmalıdır. İkincisə, yeni gəlir mənbələri əgər stimullaşdırıcı tədbirlərin deyil, sırf inzibati və müvafiq hüquqi qaydaların tədbiqi yolu ilə yaradılar və əldə olunarsa bu, istər-istəməz qeyri-effektiv nəticə verəcək.

Belə mənbələrdən biri də ölkədə orta məktəb müəllimlərinin repetitorluq fəaliyyətidir. Təsadüfi deyil ki, son vaxtlar belələrinin vergiyə cəlb olunması, işlədikləri yerlərdə sözügedən fəaliyyətləri ilə bağlı müvafiq müqavilə bağlamalı olduqları haqda söhbətlər genişlənir.

Bəli, mən də razıyam ki, bu, sırf sahibkarlıq fəaliyyətidir. Yəni hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti. Sahibkarlıqla məşğul olan hər kəs isə, məlum olduğu kimi, dövlət büdcəsinə vergi ödəməlidir. Lakin burada bir sual yaranır ki, orta məktəb müəllimi necə və hansı səbəbdən repetitorluq fəaliyyəti ilə məşğul olur, üstəlik, bunun üçün vaxt da tapa bilir?!

Demək, bunun üçün birincisi, onların işlədikləri məktəbdən müvafiq şərait var, ikincisi də, ya məcburiyyət, ya da iqtisadi maraq mövcuddur. Repetitorluq fəaliyyətində bütün bunların hamısı mühüm rol oynamaqdadır. Odur ki, daha bir sual yaranır: bəs, bu fəaliyyət növünü vergiyə cəlb etmək düzgün və mümkündürmü?!

Lazımdır! Lakin təəssüf ki, bu istək tam effektiv nəticə verə bilməz. Əvvəla, o səbəbdən ki, orta məktəb müəllimlərinin repetitorluq fəaliyyətlərinə nəzarət etmək çox çətindir. Bu, bir növ zehni əməyin "qara bazar" vasitəsilə tətbiqi yolu ilə gəlir və ya qazanc əldə olunması deməkdir. "Qara bazara" isə həmişə qeyd etdiyim kimi, ya nəyinsə qıtlığı, ya da gəlirin az olduğu şəraitdə ortaya çıxır. Belə ki, istənilən səviyyədə gəlir əldə etmək ya praktik cəhətdən mümkün olmur, ya da müvafiq limit səbəbindən real xarakter daşımır.

İkincisi isə, bu sahədə ədalətli siyasət yeritmək də çətindir. Çünki gəlir həcminə nəzarət etmək mümkün deyil. Bəs, repetitorluq fəaliyyətinə rəvac verən əsil səbəb nədir?!

Məsələ bundadır ki, bizdə orta məktəb müəllimlərinin maaşları azdır. Ona görə ki, müəllimlərin sayı çoxdur. Büdcədən ən çox əməkhaqqı alan peşə sahiblərimiz məhz orta məktəb müəllimləridir. 2017-ci ilin dövlət büdcəsində əməyin ödənişi üzrə xərclərin 30,6%-i (2015-ci ilin icrasında 30,7%-dir) “Təhsil” bölməsinin payına düşür.



Digər tərəfdən isə orta məktəb müəllimlərinin iş saatları azdır! Günorta saatlarından sonra evində oturan istənilən büdcə işçisinin əlavə qazanc məqsədilə fəaliyyət göstərməsi üçün həm vaxtı olur, həm də haqqı... Yəni, heç kim bunu inkar edə bilməz. Və ən nəhayət, repetitorluq fəaliyyəti ilə hər müəllim məşğul olmur və ola da bilməz. Yəni, buna savad lazımdır.

Bəs, nə etməli?! Bu “qanunsuz sahibkarlıq” fəaliyyətinə qarşı necə mübarizə aparmaq lazımdır?! Yeganə çıxış yolu fikrimcə, aşağıdakılardan ibarətdir.

Birincisi, orta məktəblərdə çalışan müəllim heyətinin 35-40%-i ixtisar edilməlidir, o səbəbdən ki, bizdə bu sahədə keyfiyyət aşağıdır, kəmiyyət isə yüksək... İnkişaf etmiş ölkələrdə 1 müəllimə sayca 10-dan çox şagird düşdüyü halda, bizdə bu rəqəm 6-7-dir... Yalnız repetitorluq edən müəllimlərimiz üzrə bu say 10-dan aşağıdır. Çünki, burada keyfiyyət var.

İkincisi, müəllimlik fəaliyyəti göstərən yaşı 60-dan yuxarı olan kəslərin peşə təcrübələri hələ də işləməyi tələb olunanlar üzrəsə pensiya ödənişləri dayandırılmalı və belələrinə işlədikləri müddətdə yaşa görə əmək pensiyasının kəsilməsi ümumiyyətlə, ləğv olunmalıdır.

Üçüncüsü, orta məktəblərdə minimum əmək haqqı sistemi dövlət tərəfindən ayrıca olaraq tənzimlənməklə ən aşağısı ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsində müəyyən edilməlidir.

Göründüyü kimi, məsələnin həlli yolu istənilən halda radikal tədbirlərin həyata keçirilməsindən keçir. Ancaq bir var ki, savadsıza "qəpik-quruş" vermək naminə savadı olanları "incidəsən", bir də var ki, savadlıdan daha yaxşı istifadə etmək məqsədilə savadsız olanların "qəpik-quruşunu" da kəsəsən. Cəmiyyət və dövlət üçün sonuncu daha məqsədəuyğundur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti