Postneft dövründə inkişaf yolu: Xəritə hazırdır – TƏHLİL

Postneft dövründə inkişaf yolu: Xəritə hazırdır – TƏHLİL
  08 Dekabr 2016    Oxunub:5947
Prezidentin 6 dekabr 2016-cı il tarixində imzaladağı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərman ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən edir.

Fərmanda da yazılıb ki, son dövrlərdə regionda və qlobal iqtisadiyyatda gedən proseslər, xüsusən neft gəlirlərinin azalması, xarici iqtisadi mühitin getdikcə mürəkkəb xarakter alması ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyini sarsıdıb. Odur ki, dünyada cərəyan edən bu tendensiyaya uyğun olaraq ortaya çıxan tələblərə uyğunlaşmaq və qlobal iqtisadi böhran şəraitində ölkəmizin ziyan çəkməməsi, yaxud, minimum təsirlə ötüşməsi məqsədilə həyata keçirilən iqtisadi islahatların strateji hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərə ehtiyac yaranıb. Bu tədbirlər sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında müəyyən bağlılıq və qarşılıqlı uzlaşma yaratmalı, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşması işinə yardım etməlidir.

Məsələ bundadır ki, məlum olduğu kimi, neftin dünya bazar qiymətlərinin əlverişsiz səviyyəyə enməsi, o cümlədən, ölkəmizdə neft hasilatının getdikcə azalması ilə əlaqədar olaraq, yeni iqtisadi inkişaf modelinə keçmək zərurəti son 2 ildə aktuallaşıb. O səbəbdən də, bu ilin əvvəlindən məsələ prioritet seçilib. Yəni, demək istədiyim budur ki, bəzilərinin söylədiklərinin əksinə olaraq, hökumət yeni iqtisadi inkişaf modelinə keçməyin zəruri olduğunu əslində, çoxdan dərk edirdi. Və qeyri-neft sektorunun inkişafı əslində, hələ illər öncədən prioritet seçilmişdi.

Lakin, postneft dövrünün belə tez yetişəcəyi gözlənilmirdi. Bu, rəsmi surətdə də açıq etiraf edilmişdir. Belə ki, hökumət əsasən, 2020-ci ildən sonrakı dövrü hədəf götürmüşdü. Ancaq təəssüf ki, bir sıra qlobal siyasi səbəblər - intriqa və problemlər üzündən sözügedən vəziyyət tez yetişdi. Başqa sözlə desək, hökumət postneft dövrü ilə gözlədiyindən 4-5 il tez üzləşdi.

Yeri gəlmişkən, 29 dekabr 2012-ci ildə Prezident “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Fərman da imzalamışdı. Orada yazılmışdı ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdiriləcəkdir.

Ümumiyyətlə, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində həmişə mərkəzi yer tutub.

Yuxarıda qeyd etdiyimiz "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmandan əvvəl Prezident tərəfindən ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə 2016-cı il 16 mart tarixdə 1897 nömrəli Sərəncam imzalanmışdı. Həmin sənəddə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri təsdiq edilmiş və həmin istiqamətlərə müvafiq olaraq da inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdı.

Həmin Sərəncama əsasən sözügedən İşçi qrupu tərəfindən yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın özündə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edən sayca 11 əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanıb.

Girişdə qeyd etdiyimiz Fərmanda da qeyd olunur ki, layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb. Strateji yol xəritələri başda milli iqtisadiyyatın perspektivi üzrə olmaqla, 1-cisi neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, 2-ci kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 3-cü kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, 4-cü ağır sənaye və maşınqayırmanın inkişafı, 5-ci ixtisaslaşmış turizm sənayesinin inkişafı, 6-ci logistika və ticarətin inkişafı, 7-ci uyğun qiymətə mənzil təminatının inkişafı, 8-ci peşə təhsili və təliminin inkişafı, 9-cu maliyyə xidmətlərinin inkişafı, 10-cu isə telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və ən nəhayət 11-cisi isə kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafından ibarət olmaqla hazırlanıb.

Bu, o deməkdir ki, bundan sonra bütün atılacaq zəruri addımlar və tədbirlər, o cümlədən görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz qeyd olunan sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olmalıdır və olacaq.

Hesab edirəm ki, bu da hədəfə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq. Qalır, sözügedən yolları addımlamaq işi. Bu isə artıq, tam ayrı məsələdir.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti