İlham Əliyevin oğlu ali təhsilini Azərbaycanda alacaq
AzVision.az ANSPRESS-ə istinadən bildirir ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hansı universitetdə təhsil alacağı sabah məlum olacaq. Belə ki, bu ayın 3-də ikinci itisas qurupu üzrə imtahan verən 22 mindən çox abituriyentdən biri də, məhz, dövlət başçısı İlham Əliyevin oğlu 1997-ci il təvəllüdlü Heydər Əliyevdir.
Tələbə adını qazanmaq üçün 1997-ci il təvəllüdlü Heydər Əliyev imtahanı Prezident Aparatı Yanında Dövlət İdarəcəçilik Akademiyasında verib. Onun bu imtahandan neçə bal topladığı isə hələlik açıqlanmır. Məlumat üçün deyək ki, 16 yaşlı Heydər 11 illik orta təhsilini Bakı şəhərində yerləşən Heydər Əliyev adına müasir təhsil kompleksində alıb. Onun ali təhsil alması üçün məhz xarici ölkələrdəki ali məktəblərdən birini seçəcəyi ehtimal olunurdu. Hər halda buna imkan da var idi. Amma hadisələr tam əksini göstərdi. Avqust ayının 3-də 16 yaşlı Heydər Əliyev Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında seçdiyi ikinci ixtisas qrupu üzrə keçirilən imtahana qoşuldu.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımov bu addımı Azərbaycanda təhsilin perspektivli gələcəyinin göstəricisi kimi dəyərləndirir: “Cənab prezidentin övladı bu addımı atmaqla bir nümunə göstərdi ki, gənclər bakalavr təhsilini Azəbaycanda ala bilər, magistr və doktaranturanı xaricdə ala bilərlər. Mən hesab edirəm ki, bu həm də valideyn-məktəb münasibətlərini gücləndirər, məsuliyyəti artırar. Bu digər bir baxımdan imkanlı adamlara da bir nümunə olacaq”.
Onu da deyək ki, ikinci ixtisas qrupu üzrə ən yüksək nəticə bu il 690 bal olub. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Keçid balı toplayan abituriyentlərin ixtisas üzrə seçimlərinin nəticələrini Tələbə Qəbulü Üzrə Dövlət Komissiyası bu gün açıqlayacaq.