Məmmədyarov Hamburqda görüşlər keçirib

Məmmədyarov Hamburqda görüşlər keçirib
  09 Dekabr 2016    Oxunub:1896
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovla görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

Bundan başqa Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb. Gorüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib. O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirən Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edəcəyini bildirib.

Elmar Məmmədyarov Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb. Münaqişənin həlli prosesində Avropa İttifaqının dəstəyi ilə aparılan xalq diplomatiyası tədbirlərinə toxunan Elmar Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çəkib. Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə edib və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan başqa Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə də görüşüb. Görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olundu, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparıldı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırdı və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğuladı.

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırdı.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən Elmar Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə etdi.

Nazir Vitold Vaşçikovski Polşanın ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırdı.

Görüş əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti