Qazaxlarla azərbaycanlılar arasında kütləvi dava

Qazaxlarla azərbaycanlılar arasında kütləvi dava
  18 Avqust 2013    Oxunub:1220
Qazaxıstanın Qızıl Orda şəhərində azərbaycanlılarla qazaxlar arasında kütləvi dava düşüb. Dava-dalaş "Azərkörpü"nün bu şəhərə ezam olunmuş azərbaycanlı işçiləri ilə şirkətin Qazaxıstanda çalışan yerli əməkdaşları arasında baş verib.

Azərbaycanlı işçilərin anspress.com-a verdikləri məlumata görə, onların sayı Qızıl Ordada 200 nəfərdən çoxdur. İşçilər onları döyən şəxslərin maska geyindiklərini bildirsələr də onların qazaxıstanlı işçilər olduqlarına əmin olduqlarını deyiblər. Azərbaycanlılarla Qazaxıstanlılar arasında dava Sırdərya çayının sahilində düşüb. Kütləvi davada 3 azərbaycanlı və 1 nəfər qazaxıstanlı şəxs xəsarət alıb. Qazaxıstanlı işçilərin armaturla silahlandıqları deyilir. Azərbaycanlı işçilərdən birinin qabırğası, digərinin isə qolu sındırılıb. Xəsarət alan qazaxıstanlının da qolu sınıb.

Azərbaycanlı işçilər bildiriblər ki, Qazaxıstanda mütəmadi olaraq yerli işçilərlə azərbaycanlılar arasında dava düşür. Qazaxıstanlılar azərbaycanlıları vətənlərinə gələrək qeyri-qanuni işləməkdə ittiham edir, onları ölümlə hədələyərək geri qayıtmalarını tələb edirlər.

Azərbaycanlılar isə canlarının qorxularından Qazaxıstandan deportasiya olunmalarına istəyirlər. Ötən gün baş verən davadan sonra Qızıl Orda şəhərinin polis rəisi və prokurorluğu da məsələyə qarışıb. Azərbaycanlı işçilərin sözlərinə görə, onlara məsələ ilə Azərbaycan tərəfinin məlumatlandırılacağı bildirilsə də, indiyədək sükut hökm sürür.

Jurnalistlər Azərbaycan Ombudsmanın işgəncələr haqqında qaynar xəttinə müraciət ediblər. Ancaq onlara bu gün istirahət günü olduğundan məsələ ilə sabah maraqlanacaqlarını bildiriblər.

Elə "Azərkörpü" şirkətindən də ANS PRESS eyni cavabı veriblər. Bazar günü olduğundan məsul şəxslərin istirahətdə olduqlarını və bu məsələyə sabah münasibət bildiriləcəyi deyilib.


Teqlər:  





Xəbər lenti