Misir səfiri azərbaycanlıları mükafatlandırdı

Misir səfiri azərbaycanlıları mükafatlandırdı
  14 Dekabr 2016    Oxunub:1904
13 dekabr tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir Ərəb Respublikasında keçirilən “Misir dünya uşaqlarının gözündə” mövzusunda rəsm müsabiqəsində uğur qazanan azərbaycanlı gənc istedadların mükafatlandırılması mərasimi olub.
Bu barədə səfirlikdən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin də iştirak etdiyi mükafatlandırma mərasimində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin məqsəd və əhəmiyyətindən danaraq bildirdi: “Bu müsabiqə iki xalqın mədəni oxşarlığının göstəricisidir.

Artıq ənənəyə çevrilən və 26 ildir mütəmadi keçirilən bu beynəlxalq müsabiqədə 140 ölkədən 4-18 yaş arası uşaqlar iştirak edirlər. Müsabiqənin məqsədi müxtəlif ölkələrdən olan gənc istedadların Misirin tarixi, müasir vəziyyəti və gələcəyini öz təxəyüllərində canlandıraraq rəsmlərdə ifadə etməsidir.”

Nizami rayon Uşaq–Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə xanım Qəti öz çıxışında Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmilə və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydiyə öz təşəkkürünü bildirərək rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən rəsm dərnəklərinin gənc üzvlərinin Misirdə keçirilən beynəlxalq müsabiqədə yüksək nəticələr əldə etdiklərinə görə məmnunluğunu bildirərək bu yaxınlarda Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə olaraq “Dostluğun sehri” adlı beynəlxalq rəsm müsabiqəsində bir sıra ölkələrin iştirakı barədə geniş məlumat verdi.

Sonra Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil qaliblərə uğurlar arzulayaraq onları mukafatlandırdı.

Müsabiqədə iştirak edən Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Məktəbinin 7 nəfər gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən üç qızıl, iki gümüş medala və sertifikatlara layiq görülüblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti