Dollar möhkəmləndi, bəs manatı nə gözləyir? – TƏHLİL

Dollar möhkəmləndi, bəs manatı nə gözləyir? – TƏHLİL
  15 Dekabr 2016    Oxunub:4345
99% ehtimalla gözlənildiyi kimi, Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcəsini artırdı. O,25%!... Bu haqda hələ ilin ortasından yazmışdım ki, adı çəkilən qurum tərəfindən faiz artımı haqda qərarın qəbulu ilin sonuncu ayından, yəni dekabrdan tez baş verməyəcək.

Hərçənd, keçən il dekabrda adı çəkilən qurum 9 illik fasilədən sonra 0,25% artıma gedərkən bəyan etmişdi ki, 2016-cı ildə 4 dəfə də belə qərar qəbul edəcək. Amma aydın idi ki, cari ildə bu, bir dəfədən çox baş verə bilməz.

Bu dəfə də Canet Yellen xanım bildirib ki, 2017-ci ildə 3 dəfə belə qərar qəbul ediləcək. Ancaq əminəm ki, növbəti ildə artım barədə qərar ola bilsin, heç 1 dəfə də qəbul edilməsin. Yəni, FES anoloji qərara bir müddət getməyəcək. Çünki indiki qərarın özünün qəbulu heç də asan başa gəlmədi, buna çox böyük hazırlıq işləri getdi. OPEC tərəfdən nəhayət, məlum yekdil qərarın qəbul edilməsiylə neft nisbətən bahalaşdırıldı, Amerika iqtisadiyyatında məşğulluq və inflyasiya kimi göstəricilər məqbul səviyyəyə gətirildi, adı çəkilən ölkədə prezident seçkilərinin nəticəsi gözlənildi və sair.

Bunlar məlum və gözlənilməsi vacib məsələlər idi.

Lakin, bəlli olduğu kimi keçən ilin dekabr ayında FES tərəfindən 9 illik fasilədən sonra baza faiz dərəcəsinin 0,25% qaldırılması bütün dünya bazarlarında, o cümlədən, ölkələrin milli valyutaları üçün şok effekti yaratdı. Demək olar, hər yerdə makrotarazlıq pozuldu. Neftin dünya bazarlarında qiymətləri daha sürətlə enməyə başladı. Ümumən, dünya iqtisadiyyatında onsuz da ciddi çətinliklər içərisində olan istehsal dalana dirəndi.

Azərbaycanda da manat 2-ci dəfə bundan sonra – dekabrın 21-də devalvasiyaya uğradı. Özü də birincidən (34%) daha çox səviyyədə – 47%. Üstəlik, Mərkəzi Bank (AMB) bununla “üzən məzənnə” rejiminə keçdiyi haqda qərar da qəbul etdi. Bəs, bu dəfə necə?! Manat növbəti dəfə kəskin devalvasiyaya uğrayacaqmı?!

Maraqlıdır: müxalifət cəbhəsində - hökumətin iqtisadi kursuna opponent iqtisadçı ekspertlər tərəfdə bir "atəşfəşanlıq" hiss edirəm - necə deyərlər, "toy-bayram" səsləri gəlir... Ancaq türklər demiş, maləsəf... Dediyim kimi, manatın məzənnəsini FES-in qərarlarına bağlamaq düzgün deyil. Baxmayaraq ki, keçən il manatın 2-ci dəfə devalvasiyası məhz FES-in baza faiz dərəcəsini 0,25% artırması haqda qərarından sonra baş verdi, bu, o demək deyildi ki, 2-ci devalvasiyanın səbəbi məhz o idi.

Buna qədər də manatın növbəti dəfə ucuzlaşdırılacağı və "üzən məzənnə"yə keçiləcəyi bəlli idi. Yəni, AMB-in valyuta ehtiyatları tükənmişdi, neftin dünya qiymətləri enirdi, ölkədən valyuta ixracı idxalı üstələməyə başlamışdı, bazarda ABŞ dollarına və digər xarici valyutalara tələb ödənmirdi, qonşu, xüsusən də tərəfdaş ölkələrdə milli valyutalar dəyərsizləşdirilirdi.

Doğrudur, indi də vəziyyət çətindi. Çünki keçən ili makroiqtisadi sabitliyi kəskin şəkildə sarsılmış vəziyyətdə yola saldıq ki, bu da 2016-cı ilə çox böyük problemlər yetişdirdi. 2-ci devalvasiyadan sonra istehlak bazarında qiymətlər qalxdığından maaşları və pensiyaları yüksəltmək zərurəti yarandı və büdcə təqribən 2 milyard artırıldı. Yaxşı ki, böhranın dərinləşməsi sürəti ilin ortasına doğru azaldı. Lakin proses davam etdi. 2017-ci ilə 12%-ə yaxın inflyasiya ilə qədəm qoyuruq.

Manatın məzənnəsini ilə bağlı yaxın perespektivdə vəziyyəti isə FES-in qərarı deyil, neftin dünya bazar qiymətləri müəyyən edəcək. Bəs, neftin qiymətinə ümid varmı?!

Əvvəl də yazmışam ki, OPEC-in hasilatı azaltmaq barədə qərarına ABŞ-ın da razılığı olub. Yəni, qiymətlər 55-60 dollaradək bahalaşdırımalı idi ki, FES faiz dərəcəsini qaldıran kimi, yenidən öz “məcrasına” qayıtsın. Bu isə o deməkdir ki, neft hər halda, 45 dollardan aşağı düşməyəcək. Başqa sözlə, yaxın perespektivdə bundan da aşağı ucuzlaşma gözlənilmir.

Neftin qiymətinin 45-50-55 dollar səviyyədə olması isə bizə bu gün üçün məqbul sayılr. O baxımdan ki, hər şeyin yaxşı olması – ölkəmizdə iqtisadi atmosferin normal məcraya düşməsi üçün 45-50-55 dollar belə demək mümkündürsə, vaxt qazanacağımız demək olacaq.

Orta perespektivdə isə vəziyyət sabitləşməlidir. Yəni, çətini yeni ilin ilk 3 ayı ərzində olacaq. Sonra vəziyyət yaxşılaşmağa doğru gedəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti