2016-ci ildə ölən dünya məşhurları - SİYAHI

2016-ci ildə ölən dünya məşhurları - SİYAHI
  17 Dekabr 2016    Oxunub:15645
2016-cı ildə dünyada bir çox olaylar yaşandı. Başa vurmağa hazırlaşdığımız il təkcə iqtisadi böhran, siyasi gedişlərlə deyil, həm də bir neçə dünya şöhrətli insanın ölümü ilə tarixə düşdü.

AzVision.az cari ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatlar təqdim edir:

Tanınmış türk aktyor Tarık Akan sentyabrın 16-da dünyasını dəyişib. 66 yaşlı aktyor bir çox filmlərində baş rolda çıxış edib.

Veteran futbolçu və millimizin keçmiş baş məşqçisi Karlos Alberto Torres oktyabrın 25-də 72 yaşında ürək tutmasından vəfat edib. 1970-ci ildə Braziliya millisinin kapitanı olan Torres həmin il dünya çempionu olub.

Məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında son mənzilə yola salınıb. O, Arizona ştatının Feniks şəhərinin xəstəxanalarından birində vəfat edib. Boksçu Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat “İlin boksçusu”dur. Karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub).

Türkiyənin məşhur aktrisası Oya Aydoğanın ölümü bu ilə təsadüf edir. Aktrisa mayın 15-də dünyasını dəyişib. O, ölümündən bir neçə gün öncə aorta damarının deşilməsinə görə xəstəxanaya yerləşdirilmişdi. 12 saat davam edən əməliyyatdan sonra Oya Aydoğan ayılmadı.

Dünya şöhrətli ərəb əsilli memar Zaha Məhəmməd Hadid martın 31-də dünyasını dəyişib. 65 yaşlı memar bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından vəfat edib. Xanım memar Bakıdakı Heydər Əliyev Mərkəzinin layihə müəllifidir. O, 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin də memarı olub.

Hollandiyalı məşhur futbolçu Yohan Kroyff martın 24-də 68 yaşında ağ ciyər xərçəngindən vəfat edib. Bir çox oyunda Hollandiya millisinin kapitanı olan əfsanə futbolçu 1974-cü ilin Dünya Kubokunda komandasının finala çıxmasında mühüm rol oynayıb. Kroyff 3 dəfə Avropada İlin Futbolçusu Mükafatına sahib olan 3 futbolçudan birincisidir.

Ayın səthinə ayaq basmış altıncı astronavt Edqar Mitçell feralın 6-da ABŞ-ın Florida ştatının Uest-Palm-Biç şəhərində vəfat edib. NASA 85 yaşlı Mitçellin vəfatı barədə onun iştirak etdiyi “Apollon-14” Ay ekspedisiyasının 45-ci ildönümündən sonra xəbər yayıb. “Apollon-14” ekspedisiyası 1971-ci il yanvarın 31-də Kanaveral burnundan Aya yola düşmüşdü. Ekspedisiyada Mitçell və ABŞ-ın ilk astronavtı Alan Şepard iştirak ediblər.

Türkiyənin məşhur iş adamı, "Koç Holding" İdarə Heyətinin sədri Mustafa Koç yanvarın 21-də 56 yaşında infarktdan dünyasını dəyişib. O, məşhur Koç ailəsinin 3-cü nəslinin nümayəndəsi və Rahmi Koçun böyük oğludur.

Məşhur Hollivud aktrisası Marqaret Uitton dekabrın 6-da 66 yaşında sevənləri ilə əbədi vidalaşıb. Aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparıb. Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa” (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında çəkilib.

ABŞ-da funk/soul janrında mahnılar oxuyan məşhur müğənni Şeron Cons (Sharon Jones) noyabrın 19-da 60 yaşında vəfat edib. Müğənni xərçəng xəstəliyindən əziyyət çəkib.Müğənni üç il xəstəliklə mübarizə aparıb.

Rusiyanın xalq artisti, kino və teatr aktyoru Yevgeni Lazarev noyabrın 18-də 80 yaşında dünyasını dəyişib. Lazarev 1937-ci ildə Minskdə anadan olub. Sənət karyerasına Riqa teatrında başlasa da, sonradan fəaliyyətini Moskvanın bir neçə aparıcı teatrında davam etdirib. O, 90-cı illərdə ABŞ-a köçüb, orada 15-dən artıq film və seriallarda müxtəlif rollar ifa edib.

Məşhur polşalı rejissor Anjey Vayda oktyabrın 10-da 90 yaşında son mənzilə yola salınıb. O, “Kanal”, “Kül və almaz”, "Günahsız sehrbazlar", “Pilat və digərləri” filmlərini lentə alıb. A.Vayda “Oskar” (2000-ci il) və “Sezar” (1982-ci il) mükafatına layiq görülüb, dəfələrlə Kann, Venesiya və Berlin kinofestivallarının mükafatçısı olub.

Amerikalı aktyor, Mel Bruksun komediyalarının əsas siması olan Cin Uaylder avqustun 30-da 83 yaşında dünyasını dəyişib.
Türkiyənin tanınmış şairi, yazıçı və ssenarist Vedat Türkali avqustun 29-da 97 yaşında vəfat edib. V.Türkalinin "Bir Gün Tek Başına", "Mavi Karanlık", "Yeşilçam Dedikleri Türkiye", "Tek Kişilik Ölü" kimi məşhur romanları var.

İtaliyalı opera müğənnisi Daniela Dessi avqustun 21-də 60 yaşında vəfat edib. D.Dessi gözəl səsi ilə bərabər, parlaq aktyor istedadına malik olub. Müğənninin repertuarında 60-dan çox opera olub.

Rusiyanın xalq artisti Aleksey Jarkov iyunun 6-da uzun sürən xəstəlikdən sonra 69 yaşında ölüb.

Britaniyalı məşhur komediya ustası, müğənni və bəstəkar Viktoriya Vood aprelin 20-də 62 yaşında vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkib.

1960-cı illərdə detektiv “Sherlock Holmes”u canlandıran tanınmış britaniyalı teatr və kino aktyoru Douglas Vilmer aprelin 1-də uzun sürən xəstəlikdən sonra 96 yaşında vəfat edib.

Məşhur fransız tarixçisi və yazıçısı, akademik Alen Deko martın 27-də Parisin Jorj Pompidu adına Avropa Xəstəxanasında 90 yaşında doğmaları ilə vidalaşıb. O, Fransa Akademiyasının üzvü, onlarla elmi məqalənin və tarixi mövzuda kitabların müəllifi olmaqla yanaşı, həm də televiziya aparıcısı olub.

Tanınmış musiqiçi, proqressiv-rokun əfsanəsi, ELP (Emerson, Lake and Palmer) qrupunun pianoçusu Kit Emerson martın 12-də intihar edib. O, 70-ci illərdə müxtəlif janrlarda bir çox müasir musiqiçiyə təsir göstərən ELP qrupu ilə məşhurlaşmışdı.

Rusiyalı aktrisa Natalya Kraçkovskaya martın 3-də 77 yaşında vəfat edib. Aktrisa ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, 70-dən çox filmdə yadda qalan rolları ifa edib.

Dünya şöhrətli yazıçı Harper Li fevralın 19-da 89 yaşında dünyasını dəyişib. Onun “Adamaldadan quşu öldürmək” və “Gözətçi qoy” əsərləri məşhur olub.

İtaliyanın dünya şöhrətli yazıçı-mütəfəkkiri və filosofu Umberto Eko fevralın 19-da 84 yaşında ölüb. U.Eko “Qızılgülün adı” (1980), “Fukonun kəfkiri” (1988), “Bir gün əvvəlki ada” (1994) və digər məşhur əsərlərin müəllifidir.

Hazırladı: Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti