2016-cı ildə dünyanın itirdiyi məşhur siyasətçilər

2016-cı ildə dünyanın itirdiyi məşhur siyasətçilər
  19 Dekabr 2016    Oxunub:3176
2016-cı ildə dünyada bir çox olaylar yaşandı. Başa vurmağa hazırlaşdığımız il təkcə iqtisadi böhran, siyasi gedişlərlə deyil, həm də bir neçə dünya şöhrətli siyasətçinin ölümü ilə tarixə düşdü.

AzVision.az cari ildə dünyasını dəyişən siyasətçilərlə bağlı məlumatlar təqdim edir:

Kuba lideri Fidel Kastro noyabrın 25-də 90 yaşında vəfat edib. Kastro 1959-2011-ci illərdə Kubaya rəhbərlik edib. O, 1976-cı ildən 30 il ərzində Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, həmçinin İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri olub. 47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib.

Tailand Kralı Bhumibol Adulyadej oktyabrın 13-də 89 yaşında Banqkok xəstəxanasında dünyasını dəyişib. Kral 1946-cı ildən Tailanda rəhbərlik edib.

İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında ölüb. Peres Fələstin problemi ilə əlaqədar sülh danışıqlarındakı fəal roluna görə 1994-cü ildə Nobel sülh mükafatına layiq görülüb.

Özbəkistan prezidenti İslam Kərimov sentyabr ayının 2-də vəfat edib. 1989-cu ildən Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşında insult keçirmişdi.

Tacikistanın ilk prezidenti Qəhhar Məhkəmov iyunun 8-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib. Q.Məhkəmov 1990-cı il noyabrın 30-dan 1991-ci il avqustun 31-dək Tacikistan Prezidenti postunda çalışıb. O, Tacikistan parlamentinin daimi üzvü olub.

Almaniyanın keçmiş xarici işlər naziri Gido Vestervelle martın 18-də 54 yaşında vəfat edib. Onun ölümünə səbəb kimi leykemiyadan sonra baş vermiş fəsadlar göstərilib. 2001-2011-ci illərdə G.Vestervelle Azad Demokratlar Partiyasının sədri olub. O, 2009-2013-cü illər ərzində Almaniya XİN-ə rəhbərlik edib.

Səudiyyə Ərəbistanın şahzadəsi Bəndər bin-Səud bin-Abduləziz əl-Səud martın 18-də 90 yaşında dünyasını dəyişib. Şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud 1926-cı ildə anadan olub və Səudiyyə Ərəbistanının ikinci kralı (1953-1964) Səud Abduləzizin səkkizinci oğludur.

BMT-nin keçmiş baş katibi Butros Qali fevralın 16-da 94 yaşında ölüb. Misir diplomatı 1992-1996-cı illərdə BMT-nin Baş katibi olub. Babası Butros Qali 1908-ci ildə Misirin baş naziri olub və 1910-cu ildə öldürülüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti