Əliyev-Putin-Ruhani görüşü müzakirə edildi
Mahmud Vaezi Dövlət Komissiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib, İranın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.
E.Məmmədyarov iki ölkənin dövlət başçılarının iradəsinə, müəyyən etdikləri strateji xəttə və iki xalqın ənənəvi dostluğuna uyğun olaraq Azərbaycanın da İranla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və Dövlət Komissiyasının işini, xüsusilə Mahmud Vaezinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyətindən söz açılıb və bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib. Tərəflər bu ilin avqustunda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə ediblər.
Regional məsələləri müzakirə edən nazirlər, terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğulayıblar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Eldar Tanrıverdiyev
AzVision.az