Putinin Bakıya gəmi ilə gəlməməsinin səbəbi - TƏHLİL

Putinin Bakıya gəmi ilə gəlməməsinin səbəbi - TƏHLİL
  20 Avqust 2013    Oxunub:2516
Vladimir Putinin Bakıya səfəri zamanı Rusiyanın “Rosneft” şirkəti ilə ARDNŞ arasında imzalanan saziş əsasında Bakı-Novorossiysk kəməri ilə neft reversi (hər iki tərəfə nəql) ilə bağlı danışıqlar gedib. Bu haqda jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Bu sxemə əsasən Rusiya Bakı-Tiflis-Ceyhan neft kəməri ilə ildə 5 milyon ton “Urals” marka neft nəql edə bilər. Neft Ceyhan limanından “Rosneft”in aktivlərinin bir hissəsinə malik olduğu İtaliya neftayırma zavodlarına çatdırılacaq. Əvəzində ARDNŞ Bakı-Novorossiysk kəməri ilə ildə 5 milyon ton neft nəql etməyi nəzərdə tutur. Yekun razılaşma gələn il imzalanacaq.

Bu danışıqlar Rusiyanın enerji məsələsində Azərbaycanla bərabərhüquqlu tərəfdaşa çevrildiyini təsdiq edir. Belə ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqli məsələsi Rusiya ilə Azərbaycan arasında narazılıq doğuran predmetə çevrilmişdi. Azərbaycan keyfiyyətli “Azeri Lights” markalı neftini bu kəmərlə baha qiymətə nəql edib daha aşağı keyfiyyətli “Urals” nefti ilə qarışdırmağı sərfəli hesab etmədiyindən nəqlin həcmini kəskin azaltmışdı. Nəticədə Rusiya kəmərlə neft nəqlinə dair müqavilənin qüvvəsini dayandırdı.

İndi Putinin səfəri zamanı əldə edilmiş razılaşmalar imkan verir ki, Rusiya BTC ilə neft nəqlinə başlasın, əvəzində Azərbaycan Bakı-Novorossiysk kəməri ilə nəqli bərpa etsin. Bu, Rusiya ilə Azərbaycan arasında enerji sahəsində bərabərhüquqlu, Bakının çoxşaxəli nəql strategiyasını gücləndirən razılaşmanın yalnız bir hissəsidir.

Virtualaz.org-un da xəbər verdiyi kimi, “Rosneft”lə ARDNŞ arasında imzalanmış müqavilə Xəzərin Azərbaycan sektorunda, Rusiyada və digər ölkələrdə neft-qaz hasilatı ilə məşğul olacaq birgə müəssisənin yaradılmasını da nəzərdə tutur. Bu birgə müəssisə bir vaxtlar fantastik səslənə biləcək məsələnin - Azərbaycan şirkətinin Rusiyada neft-qaz hasilatı bazarına girməsinin yolunu açır. Eyni zamanda Rusiya şirkəti Xəzərin Azərbaycan şelfinə bərabərhüquqlu tərəfdaş kimi daxil ola biləcək və bu zaman Azərbaycan milli neft strategiyasının müstəqil kursundan heç bir halda güzəştə getməyəcək.

Analitiklərin qənaətinə görə, Rusiya ilə Azərbaycan arasında əldə edilmiş enerji razılaşmaları Xəzərin nəhəng neft-qaz resursları uğrunda 90-cı illərin əvvəllərindən bəri davam edən böyük oyunun ikinci raundunda prezident İlham Əliyevin qalib gəldiyini göstərir. Çünki Azərbaycan prezidenti Rusiya ilə Qərb arasında gedən bu mürəkkəb oyunda kifayət qədər çevik, balanslı, eyni zamanda ölkənin enerji strategiyasının əsas müddəalarından kənara çıxmayan mürəkkəb gedişlər edə bildi. Nəticədə Rusiya Xəzərin Azərbaycan sektoruna, daha doğrusu, neft-qaz hasilatının yeni mərhələsinə yalnız bərabərhüquqlu tərəfdaş kimi daxil ola biləcək. Bu zaman Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkə statusunu əldən verməyəcək və regionda müstəqil oyunçu kimi mövqelərini möhkəmləndirəcək.

Bu arada Putinin Bakı səfəri müxtəlif yönlərdən, o cümlədən enerji kontekstində xarici ekspertlər tərəfindən hələ də müzakirə olunmaqdadır. Rusiyanın “Versiya” qəzetinin şərhində deyilir ki, Putin əslində Bakıya “Dağıstan” raket gəmisinin göyərtəsində getməyi planlaşdırmışdı. Lakin bu xəbər yayılan kimi Azərbaycan ictimai rəyində böyük rezonansa səbəb oldu. Nəticədə Putin Azərbaycan ictimai rəyini gərginləşdirməmək və seçkilər ərəfəsində İlham Əliyevi hədəfə çıxarmamaq üçün təyyarəni seçdi. Eyni zamanda o, Bakıda, jurnalistlər qarşısında bəyan etdi ki, Azərbaycan hərbi gəmiləri də Rusiyanın Həştərxan limanına cavab səfəri edəcəklər.

“Versiya” qeyd edir ki, səfərdə məqsəd təkcə İlham Əliyevə dəstək ifadə etmək deyildi, tərəflər Xəzərdə təhlükəsizlik kimi mühüm məsələni də müzakirəyə çıxarmışdılar. Belə ki, Azərbaycan və digər sahilyanı ölkələr öz donanmalarını durmadan gücləndirir. Lakin Rusiya nümayiş etdirmək istəyir ki, Xəzərin su səthində təhlükəsizliyi ancaq onun donamması təmin edə bilər.

Görünür, Putinin səfərindən dərhal sonra Bakıya yan alan “Dağıstan” gəmisinin də iştirakı ilə Xəzərdə hərbi təlimlərin başlanması buna işarədir.

Amerikalı analitik Ariel Koen isə ABŞ-ın “The National İnterest” jurnalında dərc olunmuş məqaləsində qeyd edir ki, Putinin səfəri Baltik respublikalarını çıxmaqla bütün keçmiş sovet respublikalarının Kremlin maraq sferasına daxil olduğunu Vaşinqtona çatdırmaq məqsədi daşıyırdı. A.Koenin fikrincə, 2008-ci ildən bu yana ABŞ postsovet məkanında öz mövqelərini əldən verib və ancaq Əfqanıstana tranziti saxlayıb. Moskva isə vakuumu doldurub.

Amerikalı təhlilçi yazır ki, Putinin bu seçkilərdə Əliyevə dəstək verməkdən başqa yolu yox idi. Çünki Cənubi Qafqaz və Mərkəzi Asiyada stabillik Azərbaycandakı stabillikdən asılıdır. “Rusiya rəhbərliyi Əliyevin kursunu onun atasının siyasətinin davamı hesab edir, hansı ki, Putinin onunla isti münasibətləri var idi” - deyə A.Koen yazır.

Müəllif qeyd edir ki, Azərbaycan Avrasiya İttifaqı və Gömrük İttifaqı kimi qurumlara qoşulmur, eyni zamanda Rusiya ilə tərəfdaşlığını möhkəmləndirməyə nail olur. Vaşinqton isə postsovet məkanında mövqelərini gücləndirməkdə elə də maraqlı deyil: “Yaxın Şərqdə o qədər münaqişələrin olduğu şəraitdə dövlət katibi Con Kerri “qiymətli vaxtını” Rusiya ilə birgə Qarabağ münaqişəsinin həllinə sərf etmək istəmir”.


Teqlər:





Xəbər lenti