`Amerika terrorçuları dəstəkləyir` - Ərdoğan

`Amerika terrorçuları dəstəkləyir` - Ərdoğan
  29 Dekabr 2016    Oxunub:1541
“NATO-da birlikdə olduğumuz halda siz bu dəstəkləri bizə deyil, separatçı terror təşkilatlarına verirsiniz. Yoxsa NATO-dakı tərəfdaşınız bu terror təşkilatlarıdır? Necə olur ki, siz bu təşkilatlara dəstək verirsiniz? Bunu bizim qəbul etməyimiz, udmağımız mümkün deyil. Əgər biz NATO ittifaqı daxilində strateji, model tərəfdaşıqsa, o zaman siz bizim yanımızda olacaqsınız. Separatçı terror təşkilatının yanında yer almayacaqsınız”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən “TÜBİTAK”-ın mükafatlandırma mərasimində bildirib. Ərdoğan çıxışında Qərb ölkərinə xəbərdarlıq edib:

“Türkiyə olaraq uzun müddətdir Qərb ölkələrinə terror təşkilatları arasında fərq qoymamaları, bu məsələdə prinsipial hərəkət etmələr ilə bağlı çağırışlar edirik. Bunun əvəzində Amerika başda olmaqla bəzi ölkələr müxtəlif bəhanələr gətirərək oyun oynayırlar. Onlar regionumuzda günahsızları qətlə yetirən terror təşkilatlarına açıq-aşkar dəstək vermək yolunu tutublar. Bunları dilə gətirdiyimiz zaman centlmenlər narahat olurlar”.

Ərdoğan daha sonra deyib: “Terror təşkilatları mütləq onları bəsləyən ölkələrə hücum edəcək. İlanla yatağa girən, dişlənib zəhərlənəcəyini nəzərə almalıdır. Terror təşkilatları ilə əməkdaşlıq edənlər qana və göz yaşına boğulmağa hazır olmalıdır. Türkiyədə partlayan bombaları film səhnəsi kimi seyr edənləri sabah eyni aqibətin gözlədiyini anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti