Erməni planı: Çinarlıdakı diversiyada məqsəd nədir? – TƏHLİL

Erməni planı: Çinarlıdakı diversiyada məqsəd nədir? – TƏHLİL
  29 Dekabr 2016    Oxunub:83074
Hər dəfə cəbhədə bir güllə atılan kimi, informasiya meydanında böyük müharibə başlayır. Bu dəfə də elə oldu. Cəbhədəki insidentdən daha böyük təxribatlar siyasət və informasiya meydanında yaşandı.

Erməni tərəfin iddiasına görə, təmas xəttində məhz Azərbaycan hücuma keçib və buna görə də bir əsgərimiz itkin düşüb – yəni guya onu itirib, geri qayıtmışıq. Bu tezisi yaymaqda düşmən ölkənin məqsədi aydındır: Aprel döyüşlərindın bəri onlar eyni siyasəti davam etrdirərək, atəşkəsi məhz Azərbaycan tərəfin pozduğunu dünyaya göstərmək istəyirlər.

Bu dəfə plan incəliklərinə qədər işlənmişdi. Cəbhədəki diversiyadan dərhal sonra “TASS” agentliyinin erməni müxbiri Poliqon Baqramyan (Ad necə də simvolikdir!) KTMT-nin baş katibi Nikolay Bordyujanın açıqlamasını yaydı. Açıqlamada Bordyuja açıq-aşkar günahı Azərbaycan tərəfinin üstünə qoyurdu.

Eyni zamanda, KTMT-nin saytında hadisə ilə bağlı yayımlanan xəbərdə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi göstərdi ki, hadisələr eyni məntiqi zəncirin halqalarıdırlar. Və istisna deyil ki, plan əvvəlcədən qurulub: Ermənistan təxribat edəcək, sonra Bordyuja bunun günahını Azərbaycanın üstünə yıxacaq, KTMT-nin saytında isə təxribatçı bir ifadə yer alacaq.

Paralel olaraq, erməni dairələrinə bağlı olan “azərbaycanlı” blogger və media da işə düşdü: onlar erməni məntiqini dəstəkləyərək, yazmağa başladılar ki, əgər hücuma keçən tərəf ermənilərdirsə, niyə bizim əsgərimiz itkin düşüb? Və bir də belə bir vicdansız yalanı tirajlamağa başladılar ki, guya bir əsgər itkin düşməyib, 7 nəfər həlak olub.

İşin mənəvi tərəfini - bayram ərəfəsində övladları, yaxınları cəbhədə olan insanların keçirdikləri psixoloji sarsıntını bir qırağa qoyaq. Belə məqamlarda erməni mənbələrənə əsaslanaq xəbər yaymaqla erməni olmağın arasında elə də böyük fərq qalmır. Ermənistana lazım olan budur ki, belə bir informasiya mənzərəsi yaransın: Azərbaycanlılar hücum edib və böyük itki verərək, geri çəkiliblər. Əgər hansısa azərbaycanlı da bu mənzərəni tamamlamağa xidmət edirsə, o, ermənilərin informasiya meydanındakı desantından başqa heç kim deyil.

Detallara baxaq: Hadisənin baş verdiyi Çinarlı kəndi Ermənistanla sərhəddədir; yəni onu keçsə, Azərbaycanın kəşfiyyatçıları işğal olunmuş ərazilərimizə yox, Ermənistan ərazisinə daxil olacaqlar. İndiyə qədər biz birbaşa Ermənistan ərazisində heç bir kəşfiyyat əməliyyatı keçirməmişik, bu, lazım da deyil. Yəni Azərbaycanın kəşfiyyat qrupunun məhz Çinarlıda əks tərəfə keçməsi nonsensdir. Halbuki, ermənilər üçün öz ərazilərindən Azərbaycan mövqelərinə kəşfiyyat-diversiya qrupu göndərmək çox rahat olardı.

Əsgərin necə və niyə itkin düşməsinə gəlincə, bəlkə erməni diversiyasının məqsədi elə əsir tutmaq olub? Ya bəlkə məqsədli şəkildə bizim əsgəri, yaxud onun meyitini özlərilə aparıblar ki, sonra bunu Azərbaycana qarşı bir arqumentə çevirsinlər? Bu, hərbi əməliyyatın bilinməyən, gizli təfərrüatıdır, onun əsasında mühakimə yürütmək olmaz axı.

Ermənistanın bunu etmək üçün bütün motivləri var.

Əvvəla, sülh prosesini pozan tərəfin məhz Azərbaycan olduğu görüntüsü yaradıb, dünyaya sərgiləmək üçün.

İkincisi, KTMT-nin Sankt-Peterburqda keçirilən son sessiyasında Ermənistan təşkilatın üzvlərinin diqqətinin Qarabağ münaqişəsinə lazımınca yönəldə bilməmiş, bununla da Yerevanın diplomatik planları pozulmuşdu. Əvəzində indi belə bir təxribat törətməklə, uğursuzluğunu kompensasiya edə bilər.

Belə vəziyyətlərdə Azərbaycanın hər bir vətəndaşından, hər bir sosial şəbəkə istifadəçisindən tələb olunan öz dövlətinin və xalqının maraqlarını anlayıb, ona uyğun davranmaqdır. Bu cür həssas məqamlarda yazılan hər bir cümlə, hər status, hər tvit informasiya cəbhəsində atılan güllə deməkdir. Müharibə şəraitində özününkülərə güllə atmaq isə hərbi cinayət saylır.

Vüsal Məmmədov

AzVision.az


Teqlər:  





Xəbər lenti