İbrahimbəyov:`Öz namizədim var, adını açıqlamaq istəmirəm`

İbrahimbəyov:`Öz namizədim var, adını açıqlamaq istəmirəm`
  20 Avqust 2013    Oxunub:1089
Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov müsahibə verib.

- Milli Şuranın 19 avqust sessiyasında qəbul olunan qərar sizin təklifinizə ziddir. Sessiya 9 oktyabr prezident seçkisinə ehtiyat namizədlə getməyə qərar verib. Qərarı necə qiymətləndirirsiniz?

- Qərarı yaxşı qiymətləndirirəm. Telefonla iclasa qatıldım və çıxış etdim. Mənim bir təklifim vardı və onu Milli Şura üzvlərinə çatdırdım. Təklifim ondan ibarət idi ki, Milli Şurada təmsil olunan partiyalar, hərəkatlar kimi istəyirsə namizəd irəli sürsün, sonda isə ən şanslı namizədin xeyrinə hamı geri çəkilsin. Çıxışımın sonunda isə dedim ki, baxmayaraq mənim təklifim var, ancaq Milli Şura nə qərar qəbul etsə, ona tabe olacam.

İndi də hesab edirəm ki, bu, yaxşı təklif idi. Amma mənim üçün əsas və vacib olan Milli Şuranın mövqeyi, qərarıdır. Ona görə də Milli Şuranın sessiyasının qərarını qəbul edirəm. Hesab edirəm ki, ehtiyat namizədin müəyyənləşdirilməsi də düzgün strategiyadır və bunu dəstəkləyirəm. Kimin namizədliyinin təsdiqlənəcəyini gözləyirəm.

- Milli Şuranın namizədi kim ola bilər? Qurumun sədri kimi dəstəklədiyiniz namizəd varmı? Kimin namizədliyini irəli sürürsünüz?

- Təbii ki, namizədim var. Yaxın adamlarım namizədimin kim olduğunu bilirlər. Lakin əvvəldən ad çəkmək istəmirəm. Çünki sədrin ad çəkməyi Milli Şura üzvlərinə təzyiq kimi qiymətləndirilə, qəbul oluna bilər. Yavaş-yavaş bütün məsələlər öz axarına düşür, problemlər aradan qalxır. Bu həftə namizədlə bağlı yekun qərar veriləcək, namizədin kimliyi elan olunacaq. Namizədimiz seçkidə iştirak edəcək. Mənim problemim həll olunsa, namizədliyini geri götürəcək. Əgər problemim həll olunmasa, prezident seçkisində həmin namizədlə iştirak edəcəyik.

- Bir neçə nəfər Milli Şuranın namizədi olmaqdan imtina edib. Sizin nəzərdə tutduğunuz namizədlə müzakirəniz olubmu? Onun özü namizəd olmağa razıdırmı?

- Söhbətimiz olub, namizəd olmağa razıdır. Burada problem yoxdur. Mən əvvəldən hansı namizədi seçmişəmsə, indi də onun üzərində dayanıram. İnanıram ki, o, Milli Şuranın namizədi olacaq.

- Daha çox professor Cəmil Həsənlinin adı çəkilir. Nəzərdə tutduğunuz namizəd Cəmil Həsənlidir?

- Kimi nəzərdə tutduğumu hələlik demək istəmirəm. Bunu nə təsdiq, nə də təkzib edirəm. Dəqiq olan odur ki, namizəd ziyalılardan biri olacaq. Qərar avqustun 19-da verilib, tələsməyin. Cəmil Həsənlinin namizəd olacağına gəlincə, ona böyük hörmətim var. Əgər Milli Şuranın namizədi Cəmil Həsənli olsa, çox sevinərəm.

- Milli Şuranın namizədinə necə dəstək verəcəksiniz? Rusiya vətəndaşlığından çıxmaqla bağlı sənədi ala bilməsəniz belə Bakıya qayıdıb namizədin seçki kampaniyasına rəhbərlik etməyiniz mümkündürmü?

- Vahid namizədin seçki kampaniyasına rəhbərlik edəcəm. Hansı formada lazımdırsa dəstək verəcəm.(mediaforum)


Teqlər:





Xəbər lenti