Əsəd liderlərlə görüşmək istəyir: `Hər şeyə hazıram`

Əsəd liderlərlə görüşmək istəyir: `Hər şeyə hazıram`
  09 Yanvar 2017    Oxunub:2929
Suriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyə hazırdır.
AzVision.az “SANA” agentliyinə istinadən xəbər verir ki, o, görüş zamanı hər bir məsələni müzakirə etməyə hazır olduğunu deyib: “Bəli, hazıram. Ancaq mənim mövqeyim bilavasitə konstitusiya ilə bağlıdır. Bu məsələni müzakirə etmək istəyirlərsə, konstitusiyanı müzakirə etməlidirlər”.

Əsəd, Qazaxıstan danışıqlarında kimlərin iştirak edəcəyi ilə bağlı suala aydınlıq gətirib: “Masada qarşı tərəfdən kimlərin olacağını bilmirik. Biz indiyədək bilmirik ki, orada əsl Suriya müxalifəti olacaqmı ? Mən “əsl” dediyim zaman suriyalıları nəzərdə tuturam. Böyük Britaniya, Fransa və Səudiyyə Ərəbistanını yox. Ehtimal olunur ki, Suriya müxalifəti olacaq və Suriya problemləri müzakirə olunacaq. Danışıqların uğuru bu məqamlardan asılı olacaq”.

Əsəd, prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin mümkün olduğunu açıqlayıb: “Bu barədə məsələ Suriya Konstitusiyasında öz əksini tapıb”.

Dəməşqdə baş verən su böhranına toxunan Əsəd şəhərin əsas su mənbələrinin işğal edildiyini və ordunun vəzifəsinin bunları geri almaq olduğunu deyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəp Tayyip Ərdoğanla danışığı zamanı Suriyada münaqişə tərəflərinin sülh əldə etməklə bağlı Astanada keçiriləcək görüşə razılıq verdiklərini bildirib. Putinin sözlərinə görə, bu format Cenevrə danışıqlarının davamı olacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu təşəbbüsü dəstəkləyib və danışıqlar üçün imkan yaratmağa hazır olduğunu bildirib. Görüşün yanvarın 23-də Astanada keçiriləcəyi gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti